Qazaxıstanda pilotsuz sistemlər qüvvələrinin formalaşdırılmasını və müddətli həqiqi hərbi xidmətin ikimərhələli modelinə keçirilməsini nəzərdə tutan hərbi islahat planı təsdiqlənib.
Axar.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müvafiq qərar Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul edilib.
Plana əsasən, çağırışçılar ilk 6 ay ərzində təlim mərkəzlərində hazırlıq keçəcək, sonrakı 6 ayda isə bilavasitə hərbi hissələrdə döyüş hazırlığına və bölmələrin tərkibində tapşırıqların icrasına xüsusi diqqət yetirilməklə xidmət edəcəklər.
İslahat, həmçinin Silahlı Qüvvələrin strukturuna və tərkibinə yenidən baxılmasını, idarəetmə və müdafiə planlaşdırılması sisteminin təkmilləşdirilməsini, hərbi məsləhətçilər institutunun və hərbi qulluqçuların hüquqları üzrə müvəkkil institutunun yaradılmasını nəzərdə tutur.
Plan üzrə təşkilati tədbirlərin 2026-cı ilin sonunadək, əsas konseptual tədbirlərin isə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.





