Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın İranla müharibə səbəbindən düşdüyü çətin vəziyyətdən istifadə edərək, Ukrayna məsələsində Vaşinqtondan güzəştlər əldə etməyə və hər iki münaqişənin Moskvanın maraqlarına uyğun şərtlərlə başa çatdırılması variantını irəli sürməyə çalışır.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Quardian” nəşri yazıb.
Nəşr Rusiya üzrə analitik Əmir Çahakinin sözlərindən sitat gətirib:
“Kreml İran münaqişəsinə ABŞ prezidentinə təzyiq vasitəsi kimi baxır. Putin Tehranı Trampın tələblərinə nə qədər çox güzəştə getməyə inandıra bilsə, Ukrayna məsələsində Trampdan bir o qədər çox güzəşt əldə edə bilər”.
Nəşrin yazdığına görə, Moskvanın strateji planı ABŞ administrasiyasının üzləşdiyi çətinliklərdən istifadə edərək həm Ukraynada, həm də İranda müharibəni eyni vaxtda, əsasən Rusiyanın şərtləri əsasında başa çatdırmağa nail olmaqdır.



