23:46
Marşal adaları bayrağı altında üzən “MT Valthera” tankeri 11 oktyabr bazar günü Hörmüz boğazında naməlum mərmi ilə vurulub.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sosial mediada yazıb.
O bildirib ki, gəmi alovlanıb, lakin Hindistan vətəndaşları olan 11 heyət üzvünün heç biri xəsarət almayıb.
Elə həmin gün Omanın Sohar sahillərində lövbər salan “MT Petro Dolfin” tankeri də dron hücumuna məruz qalıb. Gəminin göyərtəsində 11 hind dənizçisi olub. Doqquz heyət üzvü xilas edilib, ikisi isə itkin düşüb. Yerli sahil mühafizəsinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatları davam edir.
Sonoval bildirib ki, Hindistan hakimiyyəti müvafiq qurumlarla əlaqələndirmə işləri aparır və itkin düşmüş dənizçilərin axtarışına kömək göstərir.
Qeyd edək ki, bundan öncə Böyük Britaniya Hörmüzdə daha bir tankerə hücum edildiyini bildirmişdi.





