Rusiya ABŞ Prezidenti Donald Trampın Ukraynanı Moskvanın şərtləri əsasında sülh sazişi imzalamağa məcbur edə biləcəyinə artıq inanmır. Moskva ABŞ-da keçiriləcək seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-dakı seçkilərin nəticəsində Trampın siyasi mövqelərinin zəifləməsi Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin gedişinə ciddi təsir göstərə bilər:
“Kreml ABŞ-ın sanksiyalarını daha da yumşaltmaq üçün yollar axtaracaq və müharibənin başa çatmasını gözləmədən ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlığın mümkünlüyünə Trampı inandırmağa çalışacaq.
Bununla yanaşı, Respublikaçılar Partiyası Konqres seçkilərində demokratlara məğlub olarsa, siyasi mövqeləri zəifləyən Trampın Ukrayna və Avropaya daha fəal dəstək verəcəyi ehtimalı az qiymətləndirilir.
Onun Zelenskini razılaşma imzalamağa məcbur etmək üçün manevr imkanları azala bilər. Bu isə öz növbəsində Putinə Ukraynanın enerji infrastrukturuna hücumları gücləndirmək üçün sərbəstlik verə bilər”.



