“Qızıl top” mükafatının rəsmi veb-saytında səhvən 2026-cı ilin qalibinin yer aldığı paylaşım dərc olunub.Bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində yazıb.
Məlumata görə, üç futbolçunun — Harri Keynin (“Bavariya”), Lamin Yamalın (“Barselona”) və Kilian Mbappenin (“Real”) adları mümkün qaliblər kimi gündəmə gəlib.
“Qızıl top” mükafatının 70 illik yubiley mərasimi oktyabrın 26-da Londonun “Palladium” teatrında keçiriləcək. Bu, mərasimin Fransa hüdudlarından kənarda təşkil olunacağı ilk hadisədir. Londonun seçilməsi mükafatın ilk qalibi olan ingiltərəli futbolçu Stenli Mettyusun 1956-cı ildə bu mükafata layiq görülməsi ilə əlaqələndirilir.
Mərasimin əsas hissəsinin Bakı vaxtı ilə gecə yarısında başlaması planlaşdırılır.
“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən ilin ən yaxşı futbolçusuna təqdim edilən illik fərdi mükafatdır. O, futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri hesab olunur. 2025-ci ildə mükafatı PSJ və Fransa millisinin futbolçusu Usman Dembele qazanıb. Lionel Messi isə səkkiz dəfə “Qızıl top”a layiq görülərək rekord müəyyənləşdirib.






