Dünya · Ədalət

“Türkiyə-Azərbaycan eyni könül coğrafiyasının ayrılmaz hissəsidir” - Dövlət Bağçalı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Türkiyə-Azərbaycan eyni könül coğrafiyasının ayrılmaz hissəsidir” - Dövlət Bağçalı xəbəri üçün şəkil

Türkiyə Türk Dövlətləri Təşkilatına dövr sədrliyi müddətində Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsini, üzv dövlətlərin suverenliyinə qarşılıqlı hörmət əsasında ortaq hədəflərin həyata keçirilməsini prioritet hesab edir.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı "X" sosial platformasında paylaşıb.

O bildirib ki, dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi inkişaf səviyyəsi Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.

Dövlət Bağçalı qeyd edib ki, təşkilat ortaq tarix, mədəniyyət və müştərək gələcək təsəvvürünün institusional əsasına çevrilib. Onun sözlərinə görə, Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni mərhələ formalaşır.

O, müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının artmasının Türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli xarakter aldığını göstərdiyini vurğulayıb.

Bağçalı, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili hüquq sisteminə hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O bildirib ki, Türk dövlətləri arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar zəminində inkişaf etməlidir.

Türkiyə-Azərbaycan münasibətlərinə də toxunan Bağçalı iki ölkənin eyni könül coğrafiyasının ayrılmaz hissəsi olduğunu qeyd edib. O, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə biləcək yanaşmalar qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etməyin vacibliyini vurğulayıb.

Açıqlamada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inam ifadə olunub.

Bağçalı oktyabrın son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün tarixi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, dövr sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi ilə Ankara Türk dünyasının ortaq hədəflərinin reallaşdırılması istiqamətində mühüm məsuliyyət daşıyacaq.

Türkiyənin tarixi irsi, dövlətçilik təcrübəsi, iqtisadi potensialı və diplomatik imkanlarının təşkilatın inkişafına töhfə verə biləcəyini vurğulayan Bağçalı üzv dövlətlərin qurumun 2040-cı il Vizyon Sənədinə uyğun konkret və nəticəyönümlü layihələr hazırlamasının vacibliyini qeyd edib.

O, İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipinin bu gün də Türk dövlətləri arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətini qoruduğunu bildirib.

Bağçalı vurğulayıb ki, Türk dünyasının potensialının real gücə çevrilməsi ortaq ağıl, səmərəli koordinasiya, qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli strateji baxış tələb edir.

Açıqlamanın sonunda Türkiyənin dövr sədrliyi müddətində Türk dünyasında birlik, həmrəylik və yüksəliş hədəflərinə töhfə verməyə davam edəcəyi bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑