“Ortaq tariximizin köklü irsi və birgə gələcəyimizi formalaşdırmaq iradəmiz ən güclü ifadəsini türk dünyasının birliyində tapır. Qardaş xalqlarımız əsrlər ərzində müxtəlif coğrafiyalarda çoxsaylı sınaqlardan keçiblər. Onları bir-birinə bağlayan könül körpülərinə bu gün Türk Dövlətləri Təşkilatı daxilində siyasi, humanitar, iqtisadi və mədəni həmrəyliyimizin möhkəm bünövrəsi kimi söykənirik”.
Adalet.az xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü ilə bağlı müraciətində yer alıb.
TDT-nin Ankarada “Türk əsri: dildə, fikirdə, işdə birlik” mövzusunda 13-cü Zirvə görüşünün keçiriləcəyini qeyd edən Ərdoğan bu görüşə xüsusi əhəmiyyət verdiyini vurğulayıb:
“O, ortaq iradəmizi daha da möhkəmləndirəcək. Zirvədə növbəti dövr üçün Təşkilata sədrliyi əziz Azərbaycandan təhvil alacağıq. Bu vəzifəyə türk dünyasının ortaq hədəflərinə çatması və Təşkilatımızın institusional baxımdan güclənməsi üçün üzərimizə düşən tarixi məsuliyyət kimi baxıram”.
Türkiyə Prezidenti bildirib ki, köklü dəyişikliklər dünya siyasətini yenidən formalaşdırır. Beynəlxalq sistem ədalət və etimad yaratmaqda çətinlik çəkir, müharibələr və böhranlar isə geniş əraziləri əhatə edir:
“Belə bir dövrdə türk dövlətləri üçün həmrəylik strateji zərurətdir. Ən ağır sınaqları aşmağa və öz gələcəklərini müəyyənləşdirməyə ortaq iradə ətrafında sıx birləşən türk dövlətlərinin gücü çatır. Birliyimizi hər bir qardaş ölkənin suverenliyini, müstəqilliyini və milli iradəsini uca tutaraq qururuq. Bu birliyi ortaq dəyərlərimizlə yanaşı, qarşılıqlı etimad və maraqlar üzərində yüksəldəcəyik”.
Ördoğan bildirib ki, ortaq sivilizasiyaya mənsub olduğumuzu dərk etmək birliyimizə ən qiymətli dayağı verir. Eyni böyük sivilizasiyanın coğrafiyalara sığmayan zənginliyi Xoca Əhməd Yəsəvinin hikmətində, Əlişir Nəvainin kəlamında, Nizami Gəncəvinin irfanında, Məhtimqulu Fəraqinin misralarında, Yunus Əmrənin könül dilində və Çingiz Aytmatovun qələmində təcəssüm edir. Bütün bunlar həmin zənginliyin gələcəyinə də işıq salan nişanələrdir.
“İstənilən şəraitdə qardaşlığımızı yaşatmaq, bir-birimizin haqq və hüquqlarını müdafiə etmək bu köklü sivilizasiyanın bizdən tələb etdiyi məsuliyyətdir. Elə bu anlayışla türk dünyasından ayrılmaz olan Kipr türk xalqının yanında olmağa davam edirik. Təşkilatımızda Şimali Kipr Türk Respublikasına verilmiş müşahidəçi statusunun açdığı imkanları genişləndirmək və qardaş ölkələrlə bağlarını möhkəmləndirmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qəti mövqeyimiz dəyişməyəcək: Kipr türklərinə qarşı ədalətsiz təcrid bitməli, onların suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanınmalıdır.
Ortaq coğrafiyamızda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə də Türk Dövlətləri Təşkilatının artan gücü xidmət edəcək. Əməkdaşlıq və həmrəyliyə söykənən yanaşması ilə Təşkilatımız regional və qlobal sabitliyə bundan sonra da töhfə verəcək”, - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.



