İsrail Dövlətinin Azərbaycandakı səfirliyi 2023-cü il oktyabrın 7-də törədilmiş qətliamın üçüncü ildönümü münasibətilə Nizami Kino Mərkəzində Anım gecəsi keçirib.
525.az xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev, nazirliyin Yaxın Şərq və Afrika idarəsinin rəisi Elməddin Mehdiyev, ravvinlər və yəhudi imasının rəhbərləri, Azərbaycandakı diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə çıxış edən İsrail səfiri Ronen Krausz deyib ki, üç il əvvəl hamımız partlayış və siren səslərinin müşayiəti ilə oyandıq; yaddaşımızdan heç vaxt silinməyəcək görüntülərlə üz-üzə qaldıq: HƏMAS terrorçuları tərəfindən atəşə tutulan bütöv ailələr, evlərində öldürülən uşaqlar və qadınlar, başqalarını – bir uşağı, bir qadını, bir ailəni – xilas etmək üçün həyatlarını fəda edən əsgərlər və keçmişin dəhşətləri ilə bir daha üzləşmək məcburiyyətində qalan Holokostdan sağ çıxan insanlar.
“Üç il ötüb ki, girovlarımızın evlərinə qayıtması üçün dua etdik və onların həsrətini çəkdik. Biz heç vaxt ümidimizi itirmədik. Heç vaxt unutmadıq. Və onlar ailələrinin qucağına qayıdana və ya öz vətənlərinin torpağında ləyaqətlə dəfn edilmək üçün evlərinə gətirilənədək heç vaxt təslim olmadıq. Üç il ərzində İsrail Dövlətinin təhlükəsizliyi və varlığı uğrunda bir neçə cəbhədə mübarizə apardığının şahidi olduq: İrandan atılan raketlər, Yəməndən göndərilən dronlar, Yəhudeya və Samariyada terror, Livandan Hizbullahın hücumları və bütün bunlarla yanaşı, İsrailə və dünyanın hər yerində yəhudilərə qarşı yönəlmiş antisemitizm və nifrət dalğaları – qətliamın inkarı, boykot çağırışları və İsraili təcrid etmək cəhdləri. Üç il ərzində terror bizi hədəfə almaq cəhdlərini heç vaxt dayandırmadı. Cəmi iki həftə əvvəl isə yüzlərlə israillini daşıyan sərnişin təyyarəsinin həyati təhlükə yaradan vəziyyətə düşdüyü zaman göstərilən fövqəladə cəsarətin şahidi olduq. Həmin kritik anlarda kapitanın və təyyarədəki mülki şəxslərin təşəbbüskarlığı və cəsarəti böyük bir faciənin qarşısını almağa, həm havada, həm də yerdə insanların həyatını xilas etməyə kömək etdi.
Üç il ərzində biz yas tutduq. Mübarizə apardıq. Ağır bədəl ödədik. Amma möhkəm dayandıq. Və bütün bu çətin illər boyunca minlərlə cəsarət və qəhrəmanlıq hekayəsini birləşdirən ortaq bir məqam var idi: fədakarlıq, məsuliyyət və qarşılıqlı həmrəylik hissi. Bu, İsrail Dövlətinin yarandığı gündən bəri hekayəsinə dərindən toxunmuş bir dəyərdir – adi insanların lazım gəldikdə önə çıxmaq, başqaları naminə özlərini təhlükəyə atmaq və hamımıza məxsus olan ortaq evi müdafiə etmək iradəsi. Bu gün aramızda belə cəsarətli əməllər sayəsində həyatda olan insanlar var. Elə ailələr var ki, onların həyatı əbədi olaraq “əvvəl” və “sonra”ya bölünüb. Artıq bizimlə olmayanların hamısına xatirə borcluyuq”, - səfir deyib.
O əlavə edib ki, artıq bizimlə olmayanların hamısının qarşısında baş əyirik: “Və artıq bizimlə olmayanların hamısına bir vəd veririk: sülh, təhlükəsizlik və ümidlə dolu gələcək naminə səylərimizi davam etdirəcəyik”.
Daha sonra Talila Frankın “Eyvandan, 90 km yüksəklikdən” (“From a Balcony, 90km Up”) filmi nümayiş olunub. Frank filmin rejissoru, ssenari müəllifi və prodüseridir.
Talila Frank İsrailin cənubundakı Reim kibbutzda yaşayıb və 7 oktyabr hadisələrindən əvvəl həmin kibbutzda müxtəlif çəkilişlər aparıb. Hadisələrdən sonra isə Təl-Əvivdə müvəqqəti mənzilə köçüb.
Filmin adı da buradan gəlir: Təl-Əvivdəki eyvandan keçmiş evinə - Kibbutz Reimə təxminən 90 km uzaqlıqdan baxmaq.
Filmin nümayişindən sonra Talila Frank çıxış edib, mərasimdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Bildirib ki, oktyabrın 7-də yaşadığı Reim kibbutzda dəhşətli qəddarlıqla üzləşdi; “Lakin biz -insan ruhunun ən güclü təzahürlərinə də şahid olduq. Ölkənin hər yerindən dindar va dindar olmayan insanlar, yəhudilar və ərəblər evləriini tərk edib bizi qorumağa gəldilər. Bizi qorumaq üçün həyatını təhlükəyə atan hər kəsə ömrümün sonunadək minnətdar olacam”.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS və digər Fələstin terrorçu qruplaşmalarının İsrailə qarşı törətdiyi terror hücumu nəticəsində təxminən 1 200 nəfər öldürülüb. Onların arasında mülki şəxslər, hərbçilər, polis əməkdaşları və təhlükəsizlik qüvvələrinin digər üzvləri olub.
Pərvanə Sultanova






