“Azərbaycan və Türkmənistan arasında nəqliyyat əlaqələrinin inkişafı Mərkəzi Asiyanın dünya bazarlarına çıxışı üçün də mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Yenicag-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat Azərbaycan – Türkmənistan münasibətlərindən danışaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfərini təhlil edib:
“Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri və Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Bakı ilə Aşqabad arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulmasından sonra Türkmənbaşı görüşü ölkəmizin region siyasətinin çoxtərəfli müstəvidə daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz artıq 2027-ci ildə bu platformaya sədrlik edəcək. Bu da Azərbaycana olan etimadın göstəricisidir.
Əslində, Azərbaycan–Türkmənistan münasibətlərində son dövrdə müşahidə olunan intensivlik təsadüfi deyil. Qarşılıqlı yüksək səviyyəli səfərlər, siyasi dialoqun fəallaşması, iqtisadi-ticari əlaqələrin genişlənməsi, enerji və nəqliyyat sahəsində yeni imkanların müzakirəsi iki ölkə arasında əməkdaşlığı daha da gücləndirir.
Cari ilin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər baxımından mühüm nəticələrlə yadda qaldı. Dövlət başçılarının görüşləri zamanı əməkdaşlığın geniş spektri müzakirə edildi və bir sıra mühüm sənədlər imzalandı.
Bu sənədlərin əhatə etdiyi sahələrin müxtəlifliyi münasibətlərin artıq yalnız siyasi dialoq çərçivəsinin genişləndiyini göstərir. Bakı ilə Aşqabad arasında əməkdaşlıq iqtisadiyyat, sənaye, enerji, kənd təsərrüfatı, gömrük, maliyyə və xarici siyasət kimi istiqamətləri əhatə edən kompleks tərəfdaşlıq modelinə çevrilir.”
K. Nurullayeva iki ölkə arasında münasibətlərin inkişaf mərhələsində olmasını xüsusi qeyd edib:
“Prezident İlham Əliyevin iyun ayında keçirilən görüşdə qeyd etdiyi kimi, iki ölkə arasında geniş əməkdaşlıq gündəliyi mövcuddur və qarşıda yeni birgə layihələrin həyata keçirilməsi üçün imkanlar var.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin sürətlə inkişaf etməsi son illərin xarici siyasət gündəliyində diqqətçəkən tendensiyalardan biridir. Bunun mühüm göstəricilərindən biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulmasıdır.
Bu baxımdan Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü xüsusi siyasi əhəmiyyət daşıyır. Azərbaycan ilk dəfə bu formatın tamhüquqlu üzvü kimi regional dialoqun mühüm platformasında iştirak edib. Görüşdə Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçıları iştirak ediblər.
Rəsmi Bakı üçün Mərkəzi Asiya Xəzərin şərqində yerləşən tərəfdaş dövlətlər məkanı olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən geniş geoiqtisadi məkanın mühüm hissəsidir.
Azərbaycan–Türkmənistan münasibətlərində Xəzər dənizinin xüsusi yeri var. Azərbaycan və Türkmənistan Xəzərin qarşı-qarşıya sahillərində yerləşməklə nəqliyyat, logistika və enerji sahəsində bir-birini tamamlayan imkanlara malikdir.
Bu baxımdan iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafı Mərkəzi Asiyanın dünya bazarlarına çıxışı üçün də mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında əsas istiqamətlərdən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Orta Dəhlizin inkişafı Xəzərin şərq və qərb sahillərindəki limanların, dəmir yollarının və avtomobil magistrallarının daha sıx əlaqələndirilməsini tələb edir.
Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu ölkəmizi Mərkəzi Asiya yüklərinin Avropa istiqamətində daşınmasında mühüm həlqəyə çevirir.”
Deputat bildirib ki, Türkmənistan M. Asiyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir:
“Bu baxımdan Türkmənistanla nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi yalnız Bakı–Aşqabad əlaqələrinə deyil, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Azərbaycan–Türkmənistan münasibətlərinin digər mühüm istiqaməti enerjidir. Hər iki ölkənin Xəzər regionunda zəngin enerji resurslarına malik olması onların enerji əməkdaşlığı üçün geniş imkanlar yaradır.
Azərbaycanın enerji infrastrukturu Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından əlavə imkanlar yaradır. Bu əməkdaşlığın gələcəkdə daha geniş regional enerji layihələrinə çevrilməsi perspektivləri böyükdür. Eyni zamanda Azərbaycanın enerji siyasətində yeni istiqamət – bərpaolunan enerji və yaşıl enerji dəhlizlərinin də getdikcə əhəmiyyəti artır.
Azərbaycan–Türkmənistan münasibətləri humanitar baxımından da böyük əhəmiyyət kəsb edir. İki xalqı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bu baxımdan Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşası iki ölkə arasındakı qardaşlıq münasibətlərinin simvolik ifadələrindən biridir. Prezident İlham Əliyev də bu layihəni Azərbaycan–Türkmənistan münasibətlərinin mənəvi yaxınlığının göstəricisi kimi qiymətləndirib. Bu cür layihələr dövlətlərarası münasibətləri, xalqlar arasındakı əlaqələri dərinəşdirir, tərəfdaşlığın uzunmüddətli xarakter almasına zəmin yaradır.
Prezident İlham Əliyevin Türkmənistana səfəri bir daha göstərdi ki, Azərbaycan üçün Mərkəzi Asiya istiqaməti uzunmüddətli xarici siyasət və iqtisadi strategiyanın mühüm tərkib hissəsinə çevrilib.”
Nurlan Cəfəri

