“Tehran görüşü İranın gələcək taleyini müəyyənləşdirmək üçün keçirildi”.
Bu sözləri Yenicag-a açıqlamasında politoloq Natiq Miri bildirib.

N. Miri ABŞ-da keçiriləcək seçkilərdən sonra İran nüvə məsələsindən əl çəkməzsə, vəziyyətinin acınacaqlı olacağını vurğulayıb:
“İranın iddiaları elə iddia olaraq qalacaq və ABŞ bu iddiaları qəbul etməyəcək. İddialara diqqət etsək, İran ABŞ-İran dialoqunu yalnız Hörmüz boğazı çərçivəsinə salmaq istəyir. Hörmüz boğazında İran özünü güclü hesab edir və bunun təzyiq vasitəsi kimi ən təsirli alət olduğunu düşünür. İran bundan istifadə edərək dənizdəki blokadanı, bütün sanksiyaları aradan qaldıra və dondurulmuş aktivləri geri qaytara biləcəyini zənn edir. Lakin ABŞ belə düşünmür və nüvə məsələsini sonraya saxlamaq istəmir. Vaşinqton nüvə problemini həll etməklə paralel olaraq Hörmüz böhranını da çözmək niyyətindədir.
Tehranın iddiaları qəbulolunmazdır. Fikir verirsinizsə, hərbi əməliyyatların başlaması ehtimalı İrana qarşı real təhdid olaraq qalır. Proseslərin əsas mərhələsi noyabrın 3-də keçiriləcək seçkilərdən sonra baş verəcək. Seçkidən sonra Trampın rahat qərarlar qəbul edə bilməsi üçün 2 ay vaxtı olacaq. Bu iki ay müddətində İran reallıqları qəbul edib nüvə məsələsini müzakirə predmetinə çevirməzsə, növbəti dağıntı və itkilərdən qaça bilməyəcək.
Nəzərə alaq ki, “Məkkə sazişi”nin təşəbbüskar dövlətlərinin güc strukturu rəhbərlərinin Tehrana səfərinin məqsədi də məhz bu idi: İranın nüvə ilə bağlı mövqeyini öyrənmək və ən azından İran-ABŞ qarşıdurmasının qarşısını almaq. Görünən odur ki, İran geri çəkilmək və nüvə proqramını Amerika ilə müzakirə etmək istəmir. Bu isə İranın gələcək taleyini öncədən müəyyənləşdirir”.
Nurlan Cəfəri



