Dünya · Yeni Çağ

Politoloq: “İlham Əliyevin bəyanatı beynəlxalq siyasətdə ikili standartlara qarşı növbəti mesajdır” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Politoloq: “İlham Əliyevin bəyanatı beynəlxalq siyasətdə ikili standartlara qarşı növbəti mesajdır” - Yeni Çağ xəbəri üçün şəkil

“Prezident İlham Əliyevin açıqlaması beynəlxalq münasibətlərdə ardıcıl yanaşma, qarşılıqlı hörmət və siyasi məsuliyyət məsələlərini ön plana çıxarır”.

Bu sözləri Yenicag-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

media-6c00cb1c-4c37-499b-a89a-de86b9fe450f

R. Bayramov Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışını şərh edib:

“Prezidentin bu bəyanatı beynəlxalq münasibətlərdə ikili standartlar probleminə yönəlmiş növbəti siyasi mesajdır. Bu mövqenin Azərbaycanın suverenlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan xarici siyasət yanaşması ilə birbaşa əlaqəli olduğunu deyə bilərik.

Həqiqətən də beynəlxalq siyasətdə dövlətlərə münasibətin vahid meyarlarla müəyyənləşdirilməsi olduqca vacibdir. İnsan hüquqları, demokratiya, beynəlxalq hüquq və münaqişələrin həlli kimi məsələlərdə ayrı-ayrı ölkələrə fərqli yanaşmaların tətbiqi beynəlxalq institutlara olan etimadı həddindən artıq zəiflədir. Əgər bir dövlət müəyyən prinsipləri digər ölkələrdən tələb edirsə, həmin prinsiplərin öz siyasətində necə tətbiq olunduğunu da izah etməyə hazır olmalıdır.

Azərbaycanın mövqeyini regional və beynəlxalq proseslər kontekstində nəzərdən keçirdikdə bu mesajın suverenlik məsələsi ilə yanaşı, xarici siyasətdə bərabər münasibət tələbi ilə də bağlı olduğu görünür. Rəsmi Bakı hər zaman beynəlxalq tərəfdaşlarla münasibətlərdə qarşılıqlı hörmətin qorunmasını və ölkənin daxili siyasi seçimlərinə kənardan göstəriş verilməməsini önəmli prinsip kimi təqdim edib. Bu yanaşma, təbii ki, beynəlxalq hüquq üzrə götürülən öhdəliklər nəzərə alınmaqla, Azərbaycanın öz milli maraqlarına uyğun müstəqil qərarlar qəbul etmək istəyindən irəli gəlir.”

R. Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bu gün etdiyi çıxış bir çox yeni reallıqlardan xəbər verir:

“Prezidentin bu bəyanatının Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilməsi də diqqətəlayiqdir. Çünki belə platformaların əsas məqsədi müxtəlif cəmiyyətlər və dövlətlər arasında qarşılıqlı anlaşmanı gücləndirməkdir. Dialoq yalnız fikir ayrılıqlarının müzakirəsi deyil, həm də tərəflərin bir-birinin mövqeyini dinləməsi və eyni prinsipləri ardıcıl tətbiq etməyə çalışması deməkdir. Buna görə də siyasi fikir ayrılıqlarının qarşılıqlı ittihamlardan daha çox, faktlara və beynəlxalq hüquqa əsaslanan müzakirələrlə həlli olduqca əhəmiyyətlidir.

Ümumi olaraq qeyd edim ki, Prezident İlham Əliyevin açıqlaması beynəlxalq münasibətlərdə ardıcıl yanaşma, qarşılıqlı hörmət və siyasi məsuliyyət məsələlərini ön plana çıxarır. Bu mesajın praktik əhəmiyyəti dövlətlərin yalnız başqalarının siyasətini qiymətləndirməklə kifayətlənməyib, öz qərarlarını da eyni meyarlarla əsaslandırmağa hazır olmasından asılıdır. Beynəlxalq etimadın möhkəmlənməsi üçün universal prinsiplərin siyasi maraqlardan asılı olmayaraq tətbiqi və fikir ayrılıqlarının dialoq yolu ilə müzakirəsi mühüm şərt olaraq qalır.”

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışı zamanı vacib mesajlar verib:

“İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə oxumaq hüququnuz varmı?”

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑