Mədəniyyət · Yeni Çağ

“Payızdır, bu payız o payız deyil…” – Nüsrət Kəsəmənlinin Anım Günüdür - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Payızdır, bu payız o payız deyil…” – Nüsrət Kəsəmənlinin Anım Günüdür - Yeni Çağ xəbəri üçün şəkil

Keçən ilki kimi dolub buludlar,

Ağaclar həsrətə bürünüb yenə.

Keçən ilki kimi qalıb buludlar,

Bəs nədən bu qədər yad gəlir mənə?..

Keçən payızda da belə çən vardı,

Hərdən günəş kimi görünən vardı…

Payızdır…

Bu payız o payız deyil…

Ayrılıq, həsrət və geridə qoyduğumuz hər fəslin acılı-şirinli xatirələri ilə dopdolu olan, ruhumuza payız həzinliyi gətirən bu misralar təsadüfən yaddaşımızda var-gəl etmir. Bu gün sevilən şair Nüsrət Kəsəmənlinin anım günüdür. O, elə bir payız günündə cismən bu dünyanı tərk etdi, amma ruhən ömrünü misralarına köçürərək əbədiyyətə qovuşdu.

Nüsrət Kəsəmənli o xoşbəxt qələm sahiblərindən idi ki, sağlığında kitabları əl-əl gəzir, şeirləri dillər əzbəri olurdu. Neçə-neçə sevən könül o misralarla bir-birinə sevgisini izhar edir, əhd-peyman bağlayırdı. Küsələnlər onun şeirləri ilə barışır, o misraların işığında doğmalaşırdı.

Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı…

Onun poeziyasının bu qədər sevilməsinin əsas səbəbi səmimiyyəti idi. Hər kəs o misralarda öz həyatını, öz duyğularını tapır, o şeirlərlə dincəlirdi. Nüsrət Kəsəmənli gerçək mənada duyğu, eşq və ruh şairi idi… İllər öncə oxuduğumuz o misralar bu gün də yaddaşımızın küncündən boylanır, bizi acılı-şirinli xatirələrimizə aparır.

Deyirlər, şairlər ölmür, ruhən əbədi olaraq misralarından boylanır. Deməli, o şeirlər oxunduqca, nəğmələrdə səsləndikcə Nüsrət Kəsəmənli də yaşayır və yaşayacaq…

Cəvahir

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑