Mədəniyyət · AZƏRTAC

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib xəbəri üçün şəkil

Bakı, 16 oktyabr,

Ankaranın Estergon Mədəniyyət Mərkəzində Türk dünyasının IX Qadın və Etnik Moda Həftəsi çərçivəsində Gülnarə Xəlilovanın Azərbaycanın milli irsini təbliğ edən kolleksiyasının nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəvi Azərbaycan ornamentləri, milli geyim elementləri və mədəni irs nümunələrinin müasir interpretasiyada təqdimatı qonaqların böyük marağına səbəb olub. Dəfilə əsrlər boyu müxtəlif mədəniyyətləri birləşdirən tarixi İpək Yolunun irsindən ilhamlanan “İpək Yolunda TÜRKSOY etnik geyim nümayişi” adlı tədbir çərçivəsində təqdim olunub.

“Dəfilədə ondan çox ölkədən olan dizaynerlərin işləri nümayiş etdirilib. Proqram türk xalqlarının mənəvi birliyi və qardaşlığı ideyası üzərində qurulub. Kolleksiyalarda müxtəlif bölgələrə xas rənglər, ornamentlər, toxuculuq ənənələri və mədəni elementlər öz əksini tapıb. Etno-moda üslubunda yenidən şərh edilən dizaynlar Türk dünyasının müxtəlif guşələrinin mədəni zənginliyini və geyim ənənələrini vahid səhnədə bir araya gətirib”, – deyə dizayner bildirib.

Gülnarə Xəlilova TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən təşəkkürnamələrlə təltif olunub.

Qeyd edək ki, Gülnarə Xəlilova - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və "Cizgi" brendinin sahibidir. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Türkmənistan, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə keçirilən moda həftələri və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑