Dünya · Yeni Çağ

Pərvanə Vəliyeva: “30 ildən sonra gələn tarixi ədalət şanlı Zəfər tariximizin unudulmaz səhifəsidir” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pərvanə Vəliyeva: “30 ildən sonra gələn tarixi ədalət şanlı Zəfər tariximizin unudulmaz səhifəsidir” - Yeni Çağ xəbəri üçün şəkil

“30 ildən sonra gələn tarixi ədalət bizim şanlı Zəfər tariximizin unudulmaz səhifəsidir.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

media-whatsapp-image-2026-10-16-at-13-41-33

Deputat Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərətin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışını geniş şərh edib:

“Azərbaycan keçmişdə üzləşdiyi təhdidləri heç zaman unutmayacaq — istər Ermənistan tərəfindən, istərsə də ikiüzlü və riyakar Qərb tərəfindən.

Unutmamaq üçün ən uyğun məkanlardan biri də Hərbi Qənimətlər Parkıdır. Bütün sübutlar oradadır. Bu parkda sərgilənən hər bir hərbi qənimət Azərbaycanın qalib ordusunun əzmini, zəhmətini, vətən yolunda canını fəda etməsini, Ali Baş Komandanın hərbi-siyasi rəhbərliyinin gücünü və 30 ildən sonra tarixi ədalətin bərpasını əks etdirir. Bu, bizim şanlı Zəfər tariximizin unudulmaz səhifəsidir.

İşğal dövründə ATƏT-in üç həmsədr ölkəsi Qarabağın qanunsuz işğalına son qoymaqda maraqlı olmadı, uğursuzluğa uğradı. Bugünkü reallıqlarda münaqişə tərəflərinə sanksiyalar tətbiq olunur, təzyiqlər edilir, lakin belə bir mexanizm Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarının işğaldan azad olunması üçün tətbiq olunmadı. Ölkəmiz hər zaman ikili standartlarla üzləşib, bu gün də biz bunu ölkəmizə qarşı həyata keçirilən hibrid hücumlarda müşahidə edirik.

Ümummilli Lider Heydər Əliyev də, Prezident İlham Əliyev də qanunsuz hərbi işğala sülh yolu ilə son qoyulmasının tərəfdarı olaraq beynəlxalq və regional platformaların dəstəyini tələb etmişdilər. Ulu Öndər Heydər Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını hər zaman dilə gətirir və onları məsələnin həllində konstruktiv olmağa çağırırdı. Burada konstruktivlik sanksiyalar ola bilərdi; məsələn, Ermənistan beynəlxalq arenadan və ya ticarətdən təcrid edilə bilərdi. Ancaq həmsədrlər Azərbaycan xalqının işğalla barışmasını gözləyirdilər.

Ermənistanın niyyəti Qarabağda təkcə hərbi nəzarət qurmaq deyildi. Məqsəd ərazinin daxili arxitekturasını elə dəyişmək və Ermənistan dövlətinin qan dövranına elə möhkəm bağlamaq idi ki, sonradan buranı geriyə qaytarmaq mümkün olmasın. Süni demoqrafik siyasət aparılır, Ermənistan, Suriya və Livandan erməni ailələri Qarabağa köçürülür, onlar pulsuz evlə, kənd təsərrüfatı subsidiyaları, sahibkarlıqda böyük kredit və güzəştlərlə təmin edilirdilər.

Ermənistanın Qarabağda apardığı bütün sosial, iqtisadi və hərbi cəhdlərə baxmayaraq, Azərbaycan ordusu öz suveren ərazilərini hərbi-siyasi yolla işğaldan azad etdi, tarixi ədalət bərqərar olundu.”

Pərvanə Vəliyeva müharibənin zəfərlə başa çatmasından sonra ölkəmizin sülhün bir addımlığında olduğunu da diqqətə çatdırıb:

“Müharibəni qazanan lider sülhü də qazandı. Hazırda qarşıda sülh prosesi dayanır. Şəhid qanı tökülməsin, ölkəmizdə sabitlik və təhlükəsizlik bərqərar olsun deyə, qarşı tərəf sülhə məcbur edildi.

“Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyanın özündən üstün ola bilməz” — bu ifadə Prezident İlham Əliyev doktrinasının şedevrlərindəndir.

Ermənistanla sülh dövlət başçımız üçün qısamüddətli hədəf deyil, gələcək yüzilliklərə hesablanmış zəmanət axtarışıdır. Regionda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün Prezident İlham Əliyev yekun şərtin Ermənistan tərəfindən yerinə yetirilməsinə nail olmaqda əzmlidir, prinsipialdır.

Əslində, bu, Dövlət başçısının gələcək nəsillər qarşısında götürdüyü bir öhdəlikdir. O, qərarlıdır ki, ölkəmizin gələcək nəsillərini keçmişdəki münaqişələrin təkrarlanmasından qoruyan hüquqi təminat əldə edilsin. Buna nail olmağımız Prezident İlham Əliyevin regionda sabitlik və təhlükəsizlik naminə Azərbaycanın ən yeni tarixinə atdığı daha bir silinməz imza olacaqdır.”

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑