“İki ölkənin, xalqlarımızın arasına heç bir təxribat girə bilməyəcək. Qarşımıza çıxan bütün maneələri aşaraq qardaşlığımızı daha da irəli aparacağıq. Buna heç kimin şübhəsi olmasın”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türk dövlətləri ilə əlaqələr üzrə başqanı Kürşad Zorlu Azərbaycan–Türkiyə münasibətləri ətrafında son günlər aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Kürşad Zorlu vurğulayıb ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi dövründə iki ölkə arasındakı qardaşlıq münasibətləri daha yüksək səviyyəyə çatıb və konkret layihələrdə öz əksini tapıb:
“Bu gün Türkiyə–Azərbaycan dostluğu və qardaşlığı yalnız iki xalqımız üçün deyil, bölgəmizdə sülhün, əmin-amanlığın və rifahın təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır. Buna görə də son vaxtlar gündəmə gələn bəzi müzakirələri diqqətlə və təəssüflə izləyirik”.
O, iki ölkə və xalq arasındakı bağların təxribatlarla sarsılmayacağını xüsusi vurğulayıb:
“Bir məqamın altını xüsusilə çəkmək istəyirəm: iki ölkənin, xalqlarımızın arasına heç bir təxribat girə bilməyəcək. Biz bu tarixi şüur və məsuliyyətlə qarşımıza çıxan bütün maneələri aşaraq qardaşlığımızı daha da irəli aparacağıq. Buna heç kimin şübhəsi olmasın”.





