ABŞ İranın neft gəlirlərinə qarşı yeni və genişmiqyaslı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına əsasən, yeni tədbirlər İran neftinin, neft-kimya məhsullarının və digər enerji resurslarının daşınmasında iştirak edən şəxsləri, şəbəkələri və 17 gəmini əhatə edir.
Vaşinqton bu addımı İranın maliyyə imkanlarını məhdudlaşdırmaq və onun hərbi fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir mənbələrinə zərbə vurmaq məqsədi daşıyan “Operation Economic Outcast” çərçivəsində həyata keçirib.
ABŞ tərəfi hesab edir ki, sanksiyaların əsas hədəflərindən biri İranın neft daşımalarında istifadə etdiyi və beynəlxalq sanksiyalardan yayınmağa imkan verən “kölgə donanması”dır. ABŞ Maliyyə Nazirliyi bu şəbəkənin İran üçün mühüm qanunsuz gəlir mənbəyi olduğunu bildirir.
Bununla yanaşı, bəzi analitiklər yeni sanksiyaların real təsirinin məhdud ola biləcəyini düşünürlər. Onların fikrincə, İranın neftinin böyük hissəsi artıq bazara çıxarılıb və buna görə də yeni tədbirlər daha çox siyasi və iqtisadi təzyiq xarakteri daşıya bilər.
//Samir Qurbanov, Editor.az



