“Netanyahu məğlub olarsa, ABŞ-İran müharibəsi təxirə düşə bilər”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq hesab edir ki, İsraildə keçiriləcək seçkilərdə Netanyahu məğlub olarsa, Amerika İranla danışıqlar masasına otura bilər:
“Netanyahu məğlub olarsa, Amerikanın İran planı suya düşməyəcək, amma İranla ABŞ, böyük ehtimalla, dialoqa gedəcək. İndiki aqressiv tutum və hərbi aktivlik İsraillə bağlıdır. Əslində, Amerika ilə İsrail arasında təməl fikir fərqi də budur İsrail daha radikal qərarların verilməsini və sərt tədbirlərin görülməsini istədiyi halda, ABŞ əvvəldən məsələni diplomatik yolla həll etməyə çalışır. Nəticədə hərbi varianta əl atsalar da, nəzərə almaq lazımdır ki, bu, total müharibə deyildi sadəcə Amerikanın regiondakı hərbi qüvvələri ilə endirilən zərbələr idi. Netanyahu qələbə qazanmazsa, İranla ABŞ arasındakı gərginliyin hərbi sferası, böyük ehtimalla, bir müddət səngiyəcək. Hər bir halda, kimin hakimiyyətə gələcəyi məsələsi də var. Ümumi götürsək, Netanyahunun məğlub olması haqqında danışmaq, məncə, hələ çox tezdir”.
Nurlan Cəfəri



