Dünya · Yeni Çağ

Fransız nazirin Azərbaycan əleyhinə bəyanatına REAKSİYA: “Hüququ pozanlar bizə dərs keçə bilməz” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransız nazirin Azərbaycan əleyhinə bəyanatına REAKSİYA: “Hüququ pozanlar bizə dərs keçə bilməz” - Yeni Çağ xəbəri üçün şəkil

“Fransa tarix boyu törətdiyi amansızlıqları görmək istəmir, onları ört-basdır edir və bunu görən tərəflərə də barmaq silkələyir”

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-whatsapp-image-2026-10-14-at-15-23-01

Politoloq Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barronun Azərbaycana qarşı təxribat xarakterli ifadələr işlətməsini sərt qınayıb:

“Azərbaycan torpaqlarını işğaldan azad etdi. Hətta Cənubi Qafqazda artıq yeni mühit yaranır. Fransa tərəfi isə hələ də Azərbaycandan əl çəkə bilmir.

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro növbəti dəfə Azərbaycanı hədəf taxtasına yerləşdirib, ölkəmizə qarşı əsassız fikirlər səsləndirib. Guya Azərbaycan Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilə edir.

Fransa tarix boyu törətdiyi amansızlıqları görmək istəmir, onları ört-basdır edir və bunu görən tərəflərə də barmaq silkələyir. Bununla da Fransa, əslində, həmin xalqların iradəsini və narahatlıqlarını görməzdən gəlir. Demokratiyadan, insan hüquqlarından və hüququn aliliyindən danışan fransız rəsmiləri elə bu prinsipləri pozmaqda birinci sırada qərarlaşıblar.

Cənubi Qafqazda geosiyasi maraqlarını təmin edə bilməyən Fransa beynəlxalq münasibətlərdə dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq hüququ müdafiə etdiyini bildirsə də, dənizaşırı ərazilərdəki xalqların siyasi statusu, müstəqillik tələbləri və yerli əhalinin hüquqları görməzdən gəlinir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində artıq siyasi müstəvidə mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa əlindən gələn hər şeyi etdi ki, münaqişə dondurulmuş vəziyyətdə qalsın. Fransa birtərəfli qaydada və ədalətsiz şəkildə Ermənistanın işğal siyasətinin dəstəklənməsinin ən həssas təəssübkeşi idi”.

Ş. Həsənova nazirin bəyanatlarını Azərbaycanın müstəqilliyini və qazandığı tarixi zəfəri həzm edə bilməməyin növbəti təzahürü adlandırıb:

“Azərbaycanın öz suverenliyi və daxili siyasəti ilə bağlı qərarlarına hər zaman xarici təzyiq göstərən Fransa öz təhlükəsizlik və siyasi maraqlarını müdafiə etmək naminə hüququn aliliyini də pozur. Kanak xalqının öz müqəddəratını təyinetmə tələbinin qarşısı alınır. 2024-cü ildə iğtişaşlar zamanı neçə-neçə gəncin öldürülməsi Fransa tərəfindən verilən birbaşa sifariş idi.

Dənizaşırı ərazilərdə iqtisadi bərabərsizlik və sosial narazılıq pik həddə çatib. Yüksək yaşayış xərcləri, su təminatı problemləri və iqtisadi imkanların qeyri-bərabər bölüşdürülməsi Fransanın uğursuz idarəçiliyinin nəticəsidir.

Dənizaşırı ərazilərdən istifadə edərək Fransa Atlantik, Hind və Sakit okeanlarda mövcudluğunu əldən verməməyə çalışır. Həmçinin bu regionlar Fransaya hərbi yerləşmə və strateji təsir imkanları baxımından geniş şərait yaradır.

Nikel ehtiyatları və təbii sərvətləri talanan Yeni Kaledoniya Fransa tərəfindən sıxışdırılır. Müstəmləkəçilikdən qalan problemli institusional münasibətlər davam etdirilir. Yerli xalqların siyasi təmsilçiliyi, onların torpaq hüquqları və iqtisadi bərabərsizlik məsələləri də mübahisə predmetidir.

Azərbaycan hüquqları pozulmuş xalqlara dəstəyini davam etdirir. Azərbaycanın atdığı addımlar heç bir halda beynəlxalq hüququn norma və prinsiplərindən kənara çıxmır. Fransa dövlətlərin ərazi bütövlüyünə və daxili işlərinə hörmət etməyi bacarmalıdır”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑