“Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur”.
Bu sözləri Yenicag-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

P. Vəliyeva Azərbaycan və Türkmənistan münasibətləri haqqında danışaraq bu münasibətlərin 90-cı illərdən başladığını qeyd edib:
“Azərbaycan və Türkmənistan arasında münasibətlər bu gün yalnız ortaq tarixi, milli-mənəvi dəyərləri və qardaşlıq əlaqələrini deyil, həm də Avrasiyanın gələcək geosiyasi və geoiqtisadi mənzərəsini müəyyənləşdirən strateji tərəfdaşlığı əks etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan həm türk dünyasının inteqrasiyasında, həm də Mərkəzi Asiya ilə Avropa arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında mühüm mövqe qazanıb.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur. Ötən 34 il ərzində iki ölkə arasında qarşılıqlı etimada, ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu gün Azərbaycan–Türkmənistan əlaqələri ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional inteqrasiya, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və türk dünyasının birliyi baxımından strateji əhəmiyyət daşıyır.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi və müxtəlif sahələri əhatə edən razılaşmalar münasibətlərin dinamik inkişafının göstəricisidir.”
Deputat, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistana səfəri haqqında bunları deyib:
“8 oktyabr 2026-cı ildə Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi regional əməkdaşlıq tarixində növbəti mühüm hadisədir. Prezident İlham Əliyevin bu görüşdə iştirakı Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin artıq institusional və strateji xarakter aldığını bir daha nümayiş etdirir.
Azərbaycanın xarici siyasətində son illərin ən mühüm nailiyyətlərindən biri ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsidir. 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regionun geosiyasi arxitekturasında mühüm dəyişiklik yaratmışdır. Prezident İlham Əliyevin uğurlu və ardıcıl regional siyasəti nəticəsində 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri sədrlik edəcək. Yeni geosiyasi vahid C6 əməkdaşlıq modelinə evsahibliyi qısa zamanda ölkəmizə həvalə olundu. Ölkəmizin sədrliyi bu təsisatın hərtərəfli inkişafına böyük töhfələr verə bilər.
Azərbaycanın bu platformaya inteqrasiyası Xəzər dənizinin iki sahilini vahid siyasi, iqtisadi və nəqliyyat məkanında birləşdirən yeni strateji reallığın formalaşması deməkdir.
Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı isə Xəzərin şərq sahilində mühüm logistika qovşağıdır.
Bu iki liman arasında nəqliyyat əlaqələrinin inkişafı yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, regional ticarətin genişlənməsi və yeni investisiya imkanlarının yaranması baxımından da əhəmiyyətlidir. Məhz bu baxımdan Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli iqtisadi maraqlara deyil, bütövlükdə Avrasiyanın nəqliyyat təhlükəsizliyinə və təchizat zəncirlərinin şaxələndirilməsinə xidmət edir.
Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr, o cümlədən Zəngəzur dəhlizi istiqamətində nəzərdə tutulan bağlantılar gələcəkdə Mərkəzi Asiya ölkələri üçün əlavə imkanlar yarada bilər.”
Nurlan Cəfəri





