BMT Baş Assambleyası ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqonun ləğvinə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul edib.
Yenicag.az xəbər verir ki, səsvermədə 130 ölkə qətnamənin lehinə, 17 ölkə, o cümlədən ABŞ və İsrail əleyhinə səs verib. Daha 25 ölkə bitərəf qalıb.
Ötən il keçirilən səsvermədə qətnaməni 165 ölkə dəstəkləyib, 7 ölkə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Almaniya və İtaliya da daxil olmaqla bir sıra Qərb ölkələri bu il uzun fasilədən sonra bitərəf mövqe tutub.
Bununla belə, qətnamənin qəbul edilməsi ABŞ-nin Kubaya qarşı embarqosunun avtomatik ləğvi demək deyil. Bu addımı atmaq səlahiyyəti ABŞ Konqresinə məxsusdur.
ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts səsvermədən sonra bir sıra ölkələrin mövqeyini dəyişməsini müsbət qiymətləndirib və gələcəkdə bu sayın artacağına ümid etdiyini bildirib.
Kubanın xarici işlər naziri Bruno Rodriges isə ABŞ hökumətinin ölkəsinə təzyiq göstərmək cəhdlərinin onu beynəlxalq aləmdə təcrid etdiyini iddia edib.
Qeyd edək ki, ABŞ Kubaya qarşı 60 ildən artıqdır iqtisadi embarqo tətbiq edir. BMT Baş Assambleyası isə 1992-ci ildən etibarən hər il bu məhdudiyyətlərin aradan qaldırılmasına çağıran qətnamə qəbul edir.





