“Trampın Venesuela haqqında dedikləri beynəlxalq hüquqa ziddir və mümkün deyil”
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas, politoloq Xəyal Bəşirov bildirib.

X. Bəşirov ABŞ sabiq prezidenti Donald Trampın Venesuelanı Amerikanın 51-ci ştatı edəcəyi ilə bağlı açıqlamasını sərt tənqid edərək, bu ifadələri absurd adlandırıb:
“Bu məsələ dəfələrlə Trampın dilindən səsləndirilib. O, gah Kanadanı, gah da Venesuelanı 51-ci ştat etmək niyyətini dilə gətirib. Bütün bunlar beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Bu addım BMT Nizamnaməsinin tələbləri ilə də ziddiyyət təşkil edir. Çünki ABŞ, Kanada və Venesuela suveren dövlətlər kimi BMT-nin bərabərhüquqlu üzvləridir. Bu ölkələrdən birinin digərinə ərazi iddiası irəli sürməsi və ya başqa bir dövləti özünə birləşdirmək niyyəti qanunsuzdur. Bu, həm Venesuelanın daxili qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına zidd addımdır.
Anoloji iddia vaxtilə Moldova üçün də gündəmə gəlmişdi. Moldovanın Rumıniyaya birləşdirilməsi məsələsi müzakirə olunanda da vurğulanırdı ki, bunun üçün ümumxalq səsverməsi keçirilməlidir. Dövlətin taleyüklü məsələlərində qərarı yalnız həmin ölkənin xalqı verə bilər. Venesuelanın ABŞ-yə birləşdirilməsi məsələsinə də məhz Venesuela xalqı münasibət bildirməlidir. Xalqın rəyi alınmadan belə bir addımın atılması artıq işğalçılıq və ərazi iddiası deməkdir ki, bu da beynəlxalq hüququn təməl prinsipləri ilə daban-dabana ziddir.
Düşünürəm ki, Trampın bu fikirləri onun digər bəyanatları kimi kağız üzərində qalan və heç kim tərəfindən ciddi qəbul edilməyən iddialardır. Venesuela müstəqil dövlətdir; ölkənin daxili idarəetməsində müəyyən problemlər yarana bilər, lakin bu, dövlətin müstəqilliyinin ləğvi və ya başqa bir ölkəyə birləşdirilməsi anlamına gələ bilməz. Trampın səsləndirdiyi bu ifadələr absurd və əsassızdır, onların reallaşması qeyri-mümkündür. Bu ssenari yalnız Venesuela xalqının referendum yolu ilə qərar verəcəyi təqdirdə mümkündür ki, xalqın belə bir məsələni səsverməyə çıxarması və ya bunu qəbul etməsi belə inandırıcı görünmür.”
Nurlan Cəfəri



