Türkiyəli jurnalist və analitik Güngör Yavuzaslan son günlər sosial şəbəkələrdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini hədəfə alan dezinformasiya və təxribat xarakterli paylaşımlara münasibət bildirib.
Yenicag.az xəbər verir ki, türkiyəli analitik mövzu ilə bağlı videomüsahibə yayımlayaraq bildirib ki, sosial mediada süni şəkildə anti-Azərbaycan ab-havası yaradılmağa çalışılır:
“Bu yayımı etmək üçün bir müddət gözlədim. Kimin danışıb, kimin danışmadığını, hər kəsin məsələyə hansı baxış bucağından yanaşdığını ətraflı təhlil etdim. Hər kəsi peşəkar bir jurnalist gözü ilə izləmək və müşahidə etmək imkanım oldu”.
Güngör Yavuzaslan bildirib ki, əsas müzakirə mövzusu Azərbaycandır və son günlərdə sosial mediada bəzi trollerin fəallığı ilə süni şəkildə anti-Azərbaycan ab-havası yaradılmağa çalışılır:
Hər şeydən əvvəl unutmamalıyıq ki, Azərbaycan suveren və müstəqil türk dövlətidir. Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu “bir millət, iki dövlət” şüarını bu günə qədər uğurla davam etdirən Azərbaycan və Türkiyə Cümhuriyyətindən danışırıq. Azərbaycanın 44 günlük Zəfəri bütün türk dünyasını qürurlandırdı və böyük mənəvi üstünlük qazandırdı.
Ekspert Türkiyə ilə Azərbaycan arasında liderlər səviyyəsində qurulan strateji əlaqələrin qətiyyətlə davam etdiyini vurğulayıb:
“Xüsusi olaraq qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycanın liderlər səviyyəsində – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu strateji iradə uğurla davam edir. Bir çox məsələdə ortaq hərəkət edilir. Fərqli baxış bucaqları və siyasətlər irəli sürülsə də, reallıqda qardaşlıq hüququnun və strategiyasının haqqını verən iki müttəfiq dövlət mövcuddur. Şuşa Bəyannaməsi ilə bu münasibətlər tamamilə yeni strateji mərhələyə daşındı. Azərbaycanın Türkiyədə, Türkiyənin də Azərbaycanda böyük sərmayələri mövcuddur və bunlar ikitərəfli sazişlər əsasında həyata keçirilir”.
Analitik regiondakı qlobal çağırışlara və ikitərəfli münasibətlərin geostrateji əhəmiyyətinə toxunaraq fikirlərini belə davam etdirib:
“Türkiyədə yaşayan hər bir insanın Azərbaycanın dırnağına zərər gəlsə, ürəyi sızlayır. Böyük zəlzələ fəlakəti yaşadıq, ilk olaraq azərbaycanlı qardaşlarımız köməyə gəldilər. Meşə yanğınları zamanı azərbaycanlı əsgərlər öz bayraqları kimi bizim bayrağımızı da alovdan xilas etdilər. Cənab İlham Əliyevin tapşırığı ilə Kahramanmaraşda nəhəng bir Azərbaycan məhəlləsi salındı. Bunları saymaqla bitməz. Bir strateji reallıq da var: Azərbaycanın Türkiyədən başqa digər dövlətlərlə də münasibətləri var. Suveren və müstəqil dövlət olaraq öz milli maraqlarına uyğun siyasət yürüdə bilir. Amma mən əminəm ki, o, hər zaman Türkiyənin həssaslıqlarını nəzərə alan və qoruyan bir dövlətdir”.
Daha ətraflı videomüsahibə:

.jpg)



