Xəbər verdiyimiz kimi, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət Görüşünə sədrlik edəcək.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı fonunda nəqliyyat və logistika əməkdaşlığının da genişlənməsi gözlənilir. Xüsusilə Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsi prosesində Azərbaycanın mühüm rol oynadığı bildirilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Asif Nərimanlı bildirib ki, söhbət yalnız Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafından getmir:
"Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin daha da dərinləşməsi gözlənilir. Təbii ki, burada söhbət təkcə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı nəqliyyat əlaqələrindən getmir. Əsas məsələ iki region arasında bağların güclənməsi və əlaqələrin inkişaf etdirilməsidir. Bu prosesdə Azərbaycan ən önəmli, hətta həlledici ölkədir. Birincisi, Azərbaycan Cənubi Qafqazın əsas lider ölkəsidir və regionla bağlı münasibətlər sistemində mühüm, həlledici rola malikdir. İkincisi, Azərbaycan regiondan keçən əsas logistika marşrutlarının mərkəzində yerləşir. Mərkəzi Asiyanın da daxil olduğu Avrasiyanın nəqliyyat şəbəkəsinin gələcəyi və nəqliyyat dəhlizlərinin perspektivləri böyük ölçüdə Azərbaycandan asılıdır”.
Politoloq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tarixi, mədəni və etnik bağlarının da münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb:
"Bu baxımdan Azərbaycanın rolu xüsusilə önəmlidir. Azərbaycan olmadan bu nəqliyyat şəbəkələrinin inkişaf etdirilməsi və gələcəyinin formalaşdırılması çətin görünür. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tarixi, etnik və mədəni bağlılıqları var. Bu ölkələrlə ortaq mədəni və tarixi əlaqələr mövcuddur. Tacikistan türk dövləti olmasa da, İslam ölkəsidir və Azərbaycan müxtəlif platformalarda bu ölkə ilə də daim yaxın əlaqələrə malikdir. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı Cənubi Qafqazla Mərkəzi Asiyanı bir-birinə daha da yaxınlaşdırır və iki region arasındakı bağları gücləndirir. Təbii ki, bu bağların möhkəmlənməsi Azərbaycanın regiondakı mövqelərini də daha da gücləndirə bilər. Məsələyə yalnız Azərbaycan və Mərkəzi Asiya münasibətləri kontekstində baxmaq düzgün olmaz. Mərkəzi Asiyada Azərbaycanın mövqeləri güclənməklə yanaşı, ölkənin ümumi şəkildə Orta Dəhlizdəki mövqeləri də möhkəmlənəcək”.
Politoloq qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir və Orta Dəhlizin perspektivləri Azərbaycanın mövqeyini daha da əhəmiyyətli edir:
"Bildiyimiz kimi, Mərkəzi Asiya və Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas marşrutlardan biri hesab olunur və Orta Dəhliz məhz bu coğrafiyadan keçir. Hazırkı geosiyasi mübarizədə Orta Dəhlizin ön planda olduğunu görürük. Bu dəhlizə həm ABŞ-ın, həm də Avropa ölkələrinin xüsusi marağı var. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişaf etməsi Azərbaycanın Orta Dəhlizdə maraqları olan böyük güclər qarşısında mövqelərini gücləndirən əsas amillərdən biridir. Artıq Orta Dəhlizdə bu və ya digər formada iştirak etmək istəyən bütün ölkələr Azərbaycanla münasibətlərin əhəmiyyətini anlayırlar. Əslində, bu, kifayət qədər ciddi faktdır. Orta Dəhlizdə iştirak etmək istəyən bütün ölkələr Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirirlər. Çünki bu prosesdə Azərbaycanın rolu mühümdür. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da inkişaf etməsi həm Bakının Mərkəzi Asiya regionundakı təsirinin, həm də ümumilikdə Orta Dəhliz marşrutu üzrə mövqelərinin güclənməsinə gətirib çıxaracaq. Bu marşrut boyunca maraqları olan bütün ölkələr, xüsusilə də böyük güclər Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir və ölkənin mövqeyi ilə hesablaşmaq məcburiyyətində qalırlar. Bu isə Azərbaycanın qlobal miqyasda rolunu və əhəmiyyətini daha da gücləndirən amildir”.
Fəridə Əsədzadə




.jpg)