“Türkiyə–Azərbaycan qardaşlığı iki dövlət arasındakı münasibətlərdən daha üstün, sarsılmaz tale birliyinin adıdır”.
Yenicag.az xəbər verir ki, bunu EkoAvrasya Vəqfinin Himayəçilər Şurasının sədri, doktor Hikmət Ərən son günlər sosial şəbəkələrdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini hədəfə alan dezinformasiya və təxribat xarakterli paylaşımlara münasibət bildirərkən deyib.
İki ölkə arasındakı münasibətlərin dərin tarixi köklərə söykəndiyini vurğulayan Hikmət Ərən bildirib ki, süni gündəmlər üzərindən aparılan qarayaxma kampaniyaları əbədi qardaşlığı sarsıda bilməz:
“Çanaqqala cəbhəsində çiyin-çiyinə şəhid olan əcdadlarımızdan Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını azad etməsinə qədər uzanan bu bənzərsiz bağ adi siyasi ittifaq deyil, sarsılmaz qan və tale birliyidir. Bu gün sosial şəbəkələrdə üç-beş marginal hesabın yaydığı yalan məlumatlar iki dövlətin ortaq keçmişini və gələcəyini hədəfə alsa da, böyük türk millətinin qəlbindəki qardaşlıq duyğusuna kölgə sala bilməz”.
Hikmət Ərən bəzi xarici siyasət məsələlərini və daxili prosesləri təhrif edərək Azərbaycanı hədəfə alan qərəzli dairələrin məqsədlərinə çata bilməyəcəklərini vurğulayıb:
“Azərbaycanın müstəqil və suveren dövlət kimi öz daxili reallıqlarına əsaslanaraq qəbul etdiyi qərarları hədəfə alanlar bilməlidirlər ki, iki ölkə arasındakı sarsılmaz etimad divarını aşa bilməyəcəklər. Sosial şəbəkələrdə yaradılan süni fırtınalar keçicidir, Şuşa Bəyannaməsi ilə möhürlənən strateji tərəfdaşlığımız və qardaşlığımız isə əbədidir”.
Vəqf sədri Türkiyə və Azərbaycanın istənilən xarici müdaxilə və təxribata qarşı bir ürək, bir yumruq kimi dayanmağa davam edəcəyini qeyd edib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfələrin gələcək nəsillər tərəfindən minnətdarlıqla xatırlanacağını bildirib.




