Ağdam şəhərində tikinti işlərinə cəlb olunan 8 nəfər işçi əməkhaqlarının ödənilmədiyini iddia edir.
Yenicag.az xəbər verir ki, Moderator.az İnformasiya Agentliyinə daxil olan şikayətdə vətəndaş Ağdam şəhərinin 4-cü yaşayış kompleksinin 6-cı məhəlləsində aparılan tikinti işlərində çalışdığını bildirib.
Şikayətçinin sözlərinə görə, layihənin baş podratçısı SMTS MMC, subpodratçısı isə “Miray İnşaat” şirkətidir. O, bir müddət tikintidə işlədikdən sonra özü ilə yanaşı, daha 7 nəfər işçinin də işdən kənarlaşdırıldığını, lakin çalışdıqları müddətə görə əməkhaqlarını ala bilmədiklərini iddia edib.
Ali təhsilli iqtisadçı-mühəndis və ehtiyatda olan zabit olduğunu bildirən vətəndaş işsizlik səbəbindən tikinti sahəsində çalışmağa məcbur qaldığını qeyd edib.
O, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində aprelin 24-də Ağdam şəhərinə köçürüldüyünü vurğulayıb. Şikayətçinin sözlərinə görə, əməkhaqqının ödənilməməsi ailəsinin maddi vəziyyətini daha da çətinləşdirib.
Vətəndaş aidiyyəti qurumlardan və şirkət rəhbərliyindən məsələnin araşdırılmasını, işlədiyi müddət ərzində qazandığı əməkhaqqının ödənilməsini xahiş edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olarsa, dərc etməyə hazırıq.



