Oktyabrın 8-də Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib. İclasa Milli Məclisin və QHPŞ-nin Sədri Sahibə Qafarova sədrlik edib.
Sahibə Qafarova bildirib ki, PAİ Assambleyaları ilə paralel keçirilən əlaqələndirmə iclasları kollektiv fəaliyyət və bu platformadan maksimum istifadə etmək baxımından mühümdür. Bu iclaslar üzv parlamentlər arasında konstruktiv dialoq üçün imkan yaradır ki, bu da üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı daha da möhkəmləndirir.
Milli Məclisin və QHPŞ-nin Sədri deyib ki, Parlament Şəbəkəsi öz əhatə dairəsini genişləndirməyə və beynəlxalq rolunu gücləndirməyə davam edir. Sahibə Qafarova sədr kimi öz xarici səfərləri, ikitərəfli görüşləri və beynəlxalq konfranslardakı iştirakı zamanı bu təşkilatın rolunu və işini təşviq etməyi prioritet hesab etdiyini vurğulayıb və bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib.
Sahibə Qafarova qeyd edib ki, bu gün QHPŞ 6 təşkilatda müşahidəçi statusuna malikdir, 8 təşkilata isə Şəbəkədə müşahidəçi statusu verilib. Həmçinin tərəfdaş təşkilatlarla anlaşma memorandumlarının bağlanması təşkilatın beynəlxalq əməkdaşlıqda iştirakını genişləndirir. Şəbəkənin 2021-ci ilin noyabrında Madriddə təsis edilməsindən bəri 5 konfransı keçirilib.
Sonra iclasda gündəliyə uyğun olaraq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusionallaşma prosesi barədə müzakirələr aparılıb.
Müzakirələr zamanı Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Venesuela Milli Assambleyasının sədr müavini Qresiya Kolmenares, Mərakeş Müşavirlər Şurasının sədr müavini Lahsen Haddad, Belarus Milli Assambleyası Respublika Şurasının komitə sədri Sergey Aleinik, Pakistan Milli Assambleyası Daimi Komitəsinin sədri Syed Hafeezuddin, Misir Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Sameh Şukri, Tanzaniya parlamenti komitə sədri Dama Ndumbaro və digər iştirakçılar çıxış edərək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
XQ




