Cəmiyyət · Trend.az

Sülh proseslərində itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli müzakirə olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sülh proseslərində itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli müzakirə olunub xəbəri üçün şəkil

Bakı.Trend:

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransı çərçivəsində “Sülh proseslərində itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli: Humanitar əməkdaşlıq və etimadın möhkəmləndirilməsi tədbirləri” adlı panel sessiyası keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, cümə axşamı panel sessiyasında çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Uğur Bayraktutan bildirib ki, Azərbaycanın qarşı-qarşıya qaldığı humanitar problemlərə Türkiyənin laqeyd qalması əsla düşünülə bilməz.

“Azərbaycanda aparılan işlərin mühüm bir istiqaməti də elmi və institusional potensialın inkişaf etdirilməsidir. Ailələrdən götürülən bioloji nümunələr, DNT profilləşdirilməsi işləri, məzar yerlərinin araşdırılması, məhkəmə ekspertizası metodlarının tətbiqi və müxtəlif dövlət qurumları arasında koordinasiya itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində bir-birini tamamlayan amillərdir.

İtkin düşmüş şəxslər məsələsi hər şeydən əvvəl humanitar müstəvidə, ən yüksək səviyyədə əməkdaşlıqla ələ alınmalıdır”,- deyə o bildirib.

Monteneqronun sabiq müdafiə naziri Milica Durišić qeyd edib ki, itkin düşmüş şəxslər məsələsinə yalnız siyasət və ya akademik müzakirələr çərçivəsində yanaşmaq olmaz.

“90-cı illərin müharibələrindən artıq üç onillikdən çox vaxt keçib. Buna baxmayaraq, regionumuzda bir çox ailə üçün müharibə hələ də tam olaraq keçmişdə qalmayıb. Bu müharibə onların yaxınlarının başına nə gəldiyinə dair cavabsız suallarda çox şəxsi və ağrılı şəkildə özünü göstərməkdə davam edir.

Həqiqəti gözləyən bir ailə üçün çox vaxt əminlik yoxdur və buna görə də məsələni bağlamaq, bu ağrıya son qoymaq mümkün olmur”,- deyə o əlavə edib.

Pakistan Ali Məhkəməsinin hüquqşünası Muhammed Sohail Sajid vurğulayıb ki, praktiki əməkdaşlıq ailələr üçün qalan əsas çarədir.

“Bu mənada, humanitar əməkdaşlıq həm də ədalətin bir formasıdır və ədalət sülhə aparan yolun əsas təməllərindən biridir”,- deyə o bildirib.

İtkin Düşmüş Şəxslər üzrə Milli Komissiyanın prezidenti Mohammad Reda Jalkhi əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olan Qarabağ bir vaxtlar işğal altında idi.

“Bu münaqişənin ən ağrılı reallıqlarından biri də itkin düşmüş minlərlə insanın taleyidir. 4000-dən çox azərbaycanlı itkin düşmüş sayılır. Bu rəqəmlərin hər birinin arxasında bir ailə dayanır. Hələ də gözü yolda olan bir ana, hələ də cavab gözləyən bir ata və valideynlərinin başına nə gəldiyini bilmədən böyüyən bir uşaq.

Buna görə də itkin düşmüş şəxslər məsələsinə sadəcə olaraq statistika kimi baxıla bilməz. Bu, insan ləyaqəti məsələsidir. Bu, ədalət məsələsidir və bu, hüquq məsələsidir”,- deyə o bildirib.

Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə baş tutur.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑