Bakı. Trend:
Qərbi Afrikada yerləşən Malidə tapılan Mars mənşəli meteoritin 4,1 milyard ildən daha qədim olduğu müəyyən edilib.
Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə Sahara səhrasında tapılan, təxminən 800 qram ağırlığında olan “Teghaza 001” adlı meteorit üzərində araşdırma aparılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, Yer kürəsində tapılmış ən qədim üç Mars meteoritindən biri olan “Teghaza 001” Marsın ilkin dövrlərində formalaşıb.
Meteoritdəki mineralların təhlili nəticəsində təxminən 4,1 milyard il əvvəl suyun süxurun strukturunu dəyişdirdiyi üzə çıxıb. Bu isə meteoritin həmin dövrdən daha əvvəl formalaşdığını göstərir.
Alimlərin fikrincə, əldə olunan nəticələr Marsın ilkin tarixi, planetdə su dövranı və onun qabığının formalaşması prosesinin öyrənilməsinə töhfə verə bilər.


.jpg)
