Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) taktiki ballistik raketin sınaq buraxılışını həyata keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, sınaq KXDR-in Raketqayırma Baş İdarəsi tərəfindən silahların texniki cəhətdən təkmilləşdirilməsinə yönəlmiş müntəzəm işlər çərçivəsində keçirilib.
"Oktyabrın 12-də KXDR-in Raketqayırma Baş İdarəsi mühüm əsas komponentin texniki cəhətdən yenilənməsi sahəsində əldə olunan uğurları təsdiqləmək məqsədilə taktiki ballistik raketin sınaq buraxılışını həyata keçirib.
Sınaq Raketqayırma Baş İdarəsinin və ona tabe olan elmi-tədqiqat institutlarının silahların texniki cəhətdən təkmilləşdirilməsinə yönəlmiş müntəzəm fəaliyyəti çərçivəsində keçirilib.
Raketqayırma Baş İdarəsi bildirib ki, həmin gün təsdiqlənən əsas komponentin texniki cəhətdən yenilənməsi bütün hücum silahları sistemlərinin gücünün və dəqiqliyinin artırılmasında mühüm dəyişikliklərə yol açacağını göstərən böyük uğurdur", - deyə məlumatda bildirilir.






