Bakı.Trend:
İsrailin şimalında, Livanla sərhəd yaxınlığındakı Ramim dağ silsiləsi ərazisində partlayış baş verib.
Bu barədə "Times of Israel" məlumat yayıb.
Təcili tibbi yardım xidmətinin məlumatına görə, hadisə nəticəsində ümumilikdə 20 nəfər yaralanıb
Bildirilib ki, daha iki nəfərin vəziyyəti ağır, üç nəfərin vəziyyəti isə orta ağırdır.
Məlumata görə, təcili yardım xidmətinin əməkdaşları hadisə yerində vəziyyəti qənaətbəxş hesab edilən daha 15 nəfəri müayinə edirlər. Bildirilib ki, onlardan bəzilərinin xəstəxanaya yerləşdirilməsi tələb oluna bilər.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alanlar Pe’er müşahidə məntəqəsinin yaxınlığında dağ gəzintisinə çıxan məktəblilər və müəllimlərdir. Partlayışın zərərsizləşdirilməmiş hərbi sursatın partlaması nəticəsində baş verdiyi ehtimal olunur.
Bildirilib ki, hadisənin səbəbi səlahiyyətli orqanlar tərəfindən araşdırılır.





