Bakı. Trend:
İran və Türkiyə arasında Fars körfəzi və Hörmüz boğazı ilə əlaqədar məsələlər müzakirə olunub.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, şənbə günü (17 oktyabr) İraqın paytaxtı Bağdad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının 52-ci iclası çərçivəsində İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutub.
Görüşdə İran xarici işlər naziri hazırkı proseslərlə əlaqədar türkiyəli həmkarını məlumatlandırıb.
Görüşdə tərəflər müsəlman ölkələr arasında əməkdaşlıq və koordinasiyanın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib və islamofobiya kimi problemlərlə mübarizə aparmaq üçün İslam Əməkdaşlıq Təşkilatının imkanlarından istifadə olunması ilə əlaqədar fikir mübadiləsi aparıblar.
Ttərəflər ikitərəfli əlaqələr və regional proseslər, o cümlədən Fələstin məsələsi ilə əlaqədar danışıqlar aparıblar.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.





