Dünya · Trend.az

İran Hörmüz boğazı ilə təhlükəsiz şəkildə yükdaşımanın tərəfdarıdır – Əraqçi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Hörmüz boğazı ilə təhlükəsiz şəkildə yükdaşımanın tərəfdarıdır – Əraqçi xəbəri üçün şəkil

Bakı. Trend:

İran Hörmüz boğazında gəmiçiliyin və yükdaşımanın təhlükəsiz şəkildə həyata keçirilməsinin tərəfdarıdır.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi şənbə günü (17 oktyabr) İraqın paytaxtı Bağdad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının 52-ci iclasında çıxışı zamanı deyib.

“Hörmüz boğazı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əksəriyyətinin enerji və ticarəti üçün önəmlidir. 28 fevral 2026-cı il tarixinə qədər bu boğaz tam şəkildə açıq və təhlükəsiz idi. Həmin tarixdən ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində təhlükəsizliyi geri qaytarmaq mümkün olmayıb. Bir ölkənin bombardman, məhv etməyə hədələməklə və mühasirəyə almaqla gəmiçiliyin təhlükəsizliyini normal vəziyyətə qaytarmaq mümkün deyil”, - deyə o qeyd edib.

İranlı nazir deyib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvləri Pakistanın vasitəçiliyi və Qətərin dəstəyi ilə İran və ABŞ 17 iyunda İslamabad Anlaşma Memorandumunu imzalayıb. Bu memorandumun 5-ci müddəasına əsasən, İran gəmilərin təhlükəsiz keçidini sadələşdirmək üçün lazımi tədbirlər görməlidir. Bununla əlaqədar İran dərhal Oman krallığı ilə bu öhdəliyin yerinə yetirilməsi üçün texniki danışıqlara başlayıb. 2 həftə ərzində gəmilərin keçidinin təxminən 60%-i bərpa olunub. Lakin ABŞ tərəfinin addımları memorandumun icrasına mane olub və anlaşılmazlıqların həlli üzrə mexanizmlərə də əməl olunmayıb.

Əraqçi bildirib ki, ötən iki il ərzində İran xoşməramlılıqla müzakirə aparıb. Lakin hər dəfə diplomatiya ilə deyil, hərbi hücumla üzləşib. Bu məsələ təkrarlanmaması üçün etibarlı zəmanətlər olmadan müzakirələrin başlanmasına dair dərin etimadsızlıq yaradıb. Bununla belə İran hələ də dialoq qapısını açıq saxlayıb. Qətər vasitəsilə 7 günlük müəyyən bir proqram ABŞ tərəfinə təqdim olunub və bildirilib ki, lazımi şərait yarandığı halda Hörmüz boğazı açıla və 7 gün ərzində gəmilərin keçidi normal şəraitə dönə bilər. Hazırda seçim ABŞ tərəfindədir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑