Bakı. Trend:
Hörmüz boğazının cənub hissəsində dəniz minasına düşən tankerin mühərrik bölməsində partlayış və yanğın baş verib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Qayda pozan tanker Hörmüz boğazının cənub hissəsində dəniz minası ilə toqquşma nəticəsində mühərrik bölməsində baş verən partlayış və yanğın səbəbindən zədələnib”, - deyə dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iddiasına görə, gəmi bütün mövqetəyinetmə və naviqasiya sistemlərini söndürərək, boğazdan keçid üçün müəyyən edilmiş qaydalara məhəl qoymadan boğazdan çıxmağa çalışıb.
“Əgər Hörmüz boğazı ərazisindən keçən gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürsələr, onlara qarşı sərt və qətiyyətli tədbirlər görüləcək”, - deyə SEPAH xəbərdarlıq edib.
Bəyanatda tankerin adı və hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.





