Bakı. Trend:
Bosniya və Herseqovina Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə Baş Prokurorluq ilə məlumat mübadiləsi və əməliyyat fəaliyyəti sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin müavini İvika Bosnjak Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, Bakı konfransında iştirak etməkdən və ölkəsini təmsil etməkdən şərəf duyduğunu bildirib, dəvətə görə təşəkkürünü ifadə edib.
Nazir müavini qeyd edib ki, Bosniya və Herseqovina nisbətən gənc dövlət olduğundan korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan institutları da nisbətən yenidir. Bu baxımdan tərəfdaş ölkələrin təcrübə və bilikləri xüsusi əhəmiyyət daşıyır.
“Digər ölkələrin, xüsusilə dost Azərbaycanın təcrübəsi bizim üçün çox vacib və faydalıdır. Cinayətkarlıq sərhəd tanımır və cinayət əməllərinin müxtəlif dövlətlərlə əlaqələri olur. Bu mənada Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə Baş Prokurorluq ilə məlumat mübadiləsi və digər istiqamətlər üzrə çox yaxşı əməkdaşlığımız mövcuddur. Biz bunu yüksək qiymətləndiririk”, – deyə o bildirib.
Nazir müavini müasir çağırışlara qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
“Belə əməkdaşlıq olmadan müasir çağırışlara və cinayətkarlığın müxtəlif formalarına qarşı səmərəli mübarizə apara bilmərik. Qarşıdakı dövrdə digər tərəfdaş dövlətlərlə, o cümlədən dost Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirməyə ümid edirik”, – deyə o əlavə edib.


.jpg)