Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən prezident seçkilərinin nəticələrini “saxtalaşdırılmış” adlandırıb.
Bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Həmin seçkilərdə hazırkı prezident Luis İnasio Lula da Silva dördüncü müddətə yenidən prezident seçilib. Ağ Evin rəhbəri heç bir namizədi dəstəkləmədiyini vurğulasa da, nəticədə məğlub olan sağçı namizəd Flavio Bolsonaro lehinə dəfələrlə açıqlamalar verib.
Bolsonaro əvvəlcə məğlubiyyətini qəbul etməkdən imtina edərək bunun qeyri-mümkün olduğunu bildirib və seçkilərin nəticələrinin ləğv edilməsini tələb edib. Lakin sonradan müxalifətə keçəcəyini açıqlayıb.
Lula da Silvanın qələbəsi Cənubi Amerika ölkələrində sağçı və Vaşinqtonyönlü siyasətçilərin ardıcıl qələbələrinə son qoyub. Bununla da Ağ Evin regiondakı vəziyyətə təsir imkanları azalıb.
ABŞ ilə münasibətlər mövzusu seçkiqabağı kampaniyanın əsas istiqamətlərindən biri olub.
Lula Braziliyanın suverenliyini qorumaq üçün Tramp administrasiyasının təsirinə qarşı mübarizə aparacağına söz verib. Bolsonaro isə əksinə, Vaşinqtonla əməkdaşlığı hərtərəfli gücləndirəcəyini vəd edib.


