Şuşa. Trend:
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
Trend-in Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olan beynəlxalq səyyahlar Şuşaya gəliblər.
Səyyahlar şəhərə səfərləri çərçivəsində ilk olaraq İsa bulağını ziyarət ediblər. Onlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.
Səfər çərçivəsində beynəlxalq səyyahların Şuşanın digər tarixi və mədəni məkanlarını da ziyarət etmələri nəzərdə tutulur.
xxx
12:06
Xocavənd. Trend:
Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkəni təmsil edən, aralarında ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyanın da olduğu ölkələrdən təxminən 40 səyyah iştirak edir.
Səfər çərçivəsində heyət Xocavənd rayonunda yerləşən Azıx mağarasını ziyarət edib. Səyyahlara mağaranın tarixi, arxeoloji əhəmiyyəti və burada aparılan tədqiqatlar barədə məlumat verilib.
Bildirilib ki, Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağaralarından biri olmaqla yanaşı, Avrasiyanın qədim insan məskənlərindən hesab olunur. Mağarada 1960-cı ildən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı 14,5 metr ümumi qalınlığa malik 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalıqları aşkar edilib. Burada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid edilir.
Səyyahlara 1968-ci ildə mağarada aşkarlanan və 300-400 min il əvvələ aid edilən qədim insanın – Azıxantropun alt çənə sümüyünün fraqmenti, eləcə də 700-500 min il əvvələ aid daş divarla əhatələnmiş ocaq barədə məlumat verilib.
Qeyd olunub ki, Azıx mağarası 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına daxil edilib.
Heyətə işğal dövründə mağarada aparılan arxeoloji tədqiqatlar barədə də məlumat verilib. Bildirilib ki, 2002-ci ildən etibarən Azərbaycanın razılığı olmadan mağarada Ermənistan arxeoloqları və xarici tədqiqatçıların iştirakı ilə qazıntı işləri aparılıb və əldə olunan arxeoloji materiallar Ermənistana aparılıb.
Hazırda Azıx mağarasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən tədqiqatlar davam etdirilir.
Bildirilib ki, ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı, daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində – “Azıx 2”də əvvəllər məlum olmayan geniş qalereya aşkar edilib. 2025-ci ildə III təbəqədən götürülmüş nümunələrin OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid olduğu müəyyənləşdirilib.
Bu səfər 2021-2026-cı illərdə dünyanın əsas səyahət klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir. Səfərlər çərçivəsində beynəlxalq səyyahlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, həmçinin regionun tarixi və mədəni irsi ilə yerində tanış olurlar.
Səyyahların proqramına Şuşa və Ağdam şəhərlərinə səfərlər də daxildir.
xxx
10:16
Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olmaqla, ümumilikdə 40-a yaxın səyyah iştirak edir.
Səfər proqramına Azərbaycanın qədim tarixini və mədəni irsini əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.
Qeyd edək ki, bu, 2021-2026-cı illərdə dünyanın əsas səyyah klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir.
Səfərlər çərçivəsində beynəlxalq səyyahlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı əldə edirlər.




