İqtisadiyyat · Trend.az

Azərbaycanla Slovakiya mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanla Slovakiya mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb xəbəri üçün şəkil

Bakı. Trend:

Azərbaycan və Slovakiya mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.

"Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantıları çərçivəsində Slovakiya Milli Bankının sədri Peter Kazimir ilə rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq.

Memorandum çərçivəsində pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlıq inkişaf etdiriləcək, mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadilələri təşviq olunacaq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Slovakiya Milli Bankı (Národná banka Slovenska – NBS) 1993-cü il yanvarın 1-də yaradılıb və Slovakiya Respublikasının müstəqil mərkəzi bankıdır. Bankın əsas məqsədi qiymət sabitliyini qorumaqdır.

Slovakiyanın 2009-cu il yanvarın 1-də avronu qəbul etməsindən sonra NBS Avropa Mərkəzi Bankları Sisteminin və avro zonasının mərkəzi banklarını birləşdirən Avrosistemin tərkibinə daxil olub. Bu çərçivədə bank avro zonası üzrə Avropa Mərkəzi Bankı tərəfindən müəyyən edilən vahid pul siyasətinin həyata keçirilməsində iştirak edir, avro əskinaslarının və sikkələrinin tədavülünü təmin edir, ödəniş və hesablaşma sistemlərinin fasiləsiz fəaliyyətinə töhfə verir, həmçinin valyuta ehtiyatlarını idarə edir.

NBS Slovakiyanın maliyyə bazarının sabitliyinin qorunmasında və maliyyə xidmətlərinin təhlükəsiz fəaliyyətinin təmin edilməsində də mühüm rol oynayır. Bankın nəzarət səlahiyyətlərinə kredit təşkilatları, investisiya şirkətləri, qiymətli kağızlar bazarının iştirakçıları, sığorta və təkrar sığorta şirkətləri, pensiya fondlarını idarə edən qurumlar və digər maliyyə bazarı iştirakçılarının fəaliyyətinə nəzarət daxildir.

Qurumun ali idarəetmə orqanı Bank Şurasıdır. Slovakiya Milli Bankının rəhbərliyi sədrdən, iki sədr müavinindən və digər üç üzvdən ibarət olmaqla, ümumilikdə altı nəfəri əhatə edir. Bank Şurasının üzvləri altı il müddətinə təyin olunurlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑