Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının bazara çıxış imkanlarının genişləndirilməsi, maliyyə resurslarına əlçatanlığının artırılması və aqrar sektorda dayanıqlı inkişafın təmin edilməsi üçün fermer kooperativlərinin inkişafı mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Pakistan mənşəli “Farmwell” şirkətinin baş icraçı direktoru (CEO) Yunus Sandeela cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan əlverişli təbii şəraiti, iqlim müxtəlifliyi, kənd təsərrüfatı potensialı və dövlətin bu sahəyə diqqəti ilə seçilir. Bu amillər ölkənin gələcəkdə mühüm ərzaq istehsalı və təchizatı mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
“Azərbaycana baxdıqda ölkənin relyefi, iqlimi və ən əsası, dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət diqqətimi cəlb edir. Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə mühüm ərzaq istehsalı mərkəzinə çevriləcək. Ölkənin böyük potensialı var”, - deyə o bildirib.
Y.Sandeela qeyd edib ki, “Farmwell” 2009-cu ildən fəaliyyət
göstərir və aqrobiznes üzrə məsləhət xidmətləri, dayanıqlı inkişaf
və sosial təsir sahələrində çalışır. Şirkətin baş ofisi Birləşmiş
Ərəb Əmirliklərində yerləşir, Cənubi Asiya və Afrika ölkələrində də
fəaliyyəti var.
O bildirib ki, şirkət yeni bazarlara çıxmaq üçün bir sıra meyarlar
müəyyənləşdirib. Bu meyarlar ölkənin güclü kənd təsərrüfatı
bazasına və təbii istehsal potensialına malik olması, regional
baxımdan şirkətin fəaliyyət coğrafiyasına uyğun gəlməsi, eləcə də
hökumətin aqrar sektora dəstək göstərməsidir. Onun sözlərinə görə,
Azərbaycan bu meyarlara uyğun gəldiyi üçün şirkətin diqqətini cəlb
edib.
Şirkət rəhbəri çıxışında fermerlərlə bazar arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət ayırıb. O vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıdan son istehlakçıya çatdırılması zamanı vasitəçilər məhsulun qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
“Fermer məhsulun istehsalı üçün ən çox əziyyət çəkən və təchizat zəncirinin ən vacib iştirakçısıdır. Lakin məhsul bazara çatana qədər onun qiyməti bir neçə dəfə arta bilər. Bu prosesdə əsas gəliri vasitəçilər əldə edir, halbuki əsas işi fermer görür”, - deyə Y.Sandeela bildirib.
Onun fikrincə, fermerlərə dəstək yalnız subsidiyaların verilməsi və ya kredit əldə etmələrinə kömək göstərilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd onların iqtisadi müstəqilliyini artırmaq, bazara birbaşa çıxış imkanlarını genişləndirmək və öz bizneslərini daha səmərəli idarə etmələrinə şərait yaratmaq olmalıdır.
“Fermerləri elə gücləndirmək lazımdır ki, onlar daim kiminsə köməyinə, subsidiyalara və ya bank krediti əldə etmək üçün vasitəçiliyə ehtiyac duymasınlar. Bunun üçün fermer kooperativləri çox güclü vasitədir. Onlar kənd təsərrüfatı istehsalçılarını son istehlakçı ilə əlaqələndirə bilər”, - deyə o qeyd edib.
Y.Sandeela bu modelin səmərəliliyini Hindistanın “Amul Dairy” və ABŞ-nin “Land O’Lakes” kooperativlərinin təcrübəsi ilə izah edib.
O bildirib ki, Hindistanda 1940-cı illərdə yaradılmış “Amul
Dairy” hazırda illik təxminən 10 milyard ABŞ dolları həcmində satış
həyata keçirir, yüzlərlə məhsul çeşidi ilə fəaliyyət göstərir və
beynəlxalq bazarlara ixrac edir. ABŞ-də 1921-ci ildə yaradılmış
“Land O’Lakes” isə kooperativlər birliyi kimi fəaliyyət göstərir və
illik satışlarının həcmi təxminən 16 milyard dollara çatır.
Şirkət rəhbərinin sözlərinə görə, bu nümunələr fermerlərin birgə
fəaliyyət əsasında böyük iqtisadi subyektlər formalaşdıra və
beynəlxalq şirkətlərlə rəqabət apara biləcəyini göstərir.
O əlavə edib ki, kooperativlərin institusional səviyyədə inkişafı fermerlərin maliyyələşmə imkanlarını da genişləndirir. Belə ki, banklar hər bir fermeri ayrıca qiymətləndirmək əvəzinə, kooperativin maliyyə göstəricilərini, balansını və müştərilərlə əlaqələrini nəzərə alaraq kredit ayıra bilərlər. Bu yanaşma aqrar sektorda təchizat zəncirinin maliyyələşdirilməsini də asanlaşdıra bilər.
Y.Sandeela vurğulayıb ki, ənənəvi kooperativlərin böyük şirkətlər səviyyəsinə çatması uzun illər tələb etsə də, müasir texnologiyalar, maliyyə alətləri və peşəkar idarəetmə bu prosesi sürətləndirə bilər.
“Ənənəvi kooperativ modelinin çatışmazlığı ondan ibarətdir ki, onun bugünkü səviyyəyə çatması onilliklər tələb edir. Lakin müasir texnologiyalar, maliyyələşdirmə alətləri və idarəetmə üsulları ilə bu prosesi dəfələrlə sürətləndirmək mümkündür. Bu gün 100 ilə əldə edilmiş inkişafı 10 ilə reallaşdırmaq mümkün ola bilər”, - deyə o bildirib.
O, Azərbaycanda da fermer kooperativlərinin inkişaf etdirilməsinin kənd təsərrüfatı istehsalçılarının bazara çıxışını asanlaşdıracağına, maliyyə resurslarına əlçatanlığını artıracağına və aqrar sektorun rəqabət qabiliyyətini gücləndirəcəyinə ümid etdiyini bildirib.
