Bakı. Trend:
Oktyabrın 27-də Milli Gimnastika Arenasının köməkçi zalında
akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə
10-cu ölkə birinciliyinə start verilib.
İki gün davam edəcək yarışlarda ölkənin müxtəlif idman klublarını
təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə
birincilik uğrunda mübarizə aparırlar.
Yarışın ilk günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar
və yeniyetmələr yaş kateqoriyalarında qadın cütlükləri, qadın
qrupları və qarışıq cütlüklər balans hərəkətləri proqramında öz
bacarıqlarını nümayiş etdiriblər.
Aerobika gimnastikası üzrə isə kiçiklər, uşaqlar, yeniyetmələr və
gənclər yaş kateqoriyalarında qadın və kişi gimnastlar fərdi
proqramlarda çıxış ediblər.
Günün sonunda aerobika gimnastikası üzrə gənclər yaş
kateqoriyasında qadınların fərdi yarışında qaliblər müəyyənləşib.
Milli komandamızın üzvləri uğurlu çıxışları ilə fəxri kürsünün hər
üç pilləsində yer alıblar.
Belə ki, Ayan Ağayeva qızıl, Əminə Mustafayeva gümüş, Aydan
Məlikova isə bürünc medal qazanıb.
Oktyabrın 28-də ölkə birincilikləri növbəti yarış proqramları ilə
davam edəcək.





