Bakı.Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təmizlənməsi sahələrində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır, həmçinin ölkənin bərpaolunan enerji sektoruna dəstək göstərməyə hazırdır.
Bu barədə IFC-nin Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer çərşənbə axşamı Trend-ə verdiyi müsahibəsində bildirib.
Azərbaycanda yeni layihələr və investisiya prioritetləri
Onun sözlərinə görə, dinamik özəl sektorun inkişafı Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi artımın təmin edilməsi, iş yerlərinin yaradılması və rəqabət qabiliyyətinin artırılması planları baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu məqsədlərə nail olmaq üçün beynəlxalq tərəfdaşların məqsədyönlü və ardıcıl dəstəyi zəruridir. Dünya Bankı Qrupunun Tərəfdaşlıq Strategiyası çərçivəsində IFC infrastruktur, energetika, kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat və rəqəmsal rabitə sahələrinə özəl investisiyaların cəlb edilməsi yolu ilə daha dinamik və inklüziv iqtisadiyyatın formalaşmasına dəstək verir.
Su təsərrüfatı bu gündəliyin mühüm istiqamətlərindən biridir. Su ehtiyatlarının çatışmazlığı əhali və biznes üçün getdikcə daha ciddi məhdudiyyətə çevrildikcə, su təhlükəsizliyinin gücləndirilməsi həm ehtiyatların daha səmərəli idarə olunmasını, həm də yeni infrastrukturun yaradılmasına investisiyaları tələb edəcək. IFC özəl sektorun təcrübəsi və maliyyələşdirməsinin dövlət investisiyalarını tamamlaya biləcəyi dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təmizlənməsi kimi sahələrdə imkanları araşdırır.
Daha geniş mənada bu, Dünya Bankı Qrupunun inkişaf məqsədləri üçün özəl kapitalın səfərbərliyini əhəmiyyətli dərəcədə artırmaq səylərinin bir hissəsidir. Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində rekord həcmdə - 112 milyard dollar özəl kapital səfərbər edib. Bu, 35 milyard dollar təşkil edən 2022-ci maliyyə ilinin göstəricisindən üç dəfədən çoxdur. Qrupun öz maliyyələşdirməsi də nəzərə alınmaqla, inkişaf etməkdə olan ölkələrdə ümumi maliyyələşdirmə və səfərbər edilmiş vəsaitlərin həcmi 200 milyard dolları ötüb. Azərbaycanda isə Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində təxminən 100 milyon dollar özəl kapital səfərbər edib”, - deyə Şlömer bildirib.
IFC direktorunun sözlərinə görə, məqsəd yalnız dövlət maliyyələşdirməsini və ya inkişaf məqsədləri üçün ayrılan vəsaitləri artırmaq deyil. Əsas vəzifə özəl investorların fəaliyyətinə mane olan riskləri və əngəlləri azaltmaq, eləcə də böyük həcmdə kapital cəlb edə biləcək investisiya imkanları yaratmaq üçün maliyyə resurslarından, ekspert biliklərindən, zəmanətlərdən və digər alətlərdən istifadə etməkdir.
“Kənd təsərrüfatında kiçik fermerlərin dövriyyə vəsaitləri əldə etməsinə və qlobal dəyər zəncirlərinə inteqrasiyasına kömək edən anbar şəhadətnamələri və məhsul qəbzləri kimi innovativ maliyyə alətlərinin tətbiqini təşviq edirik.
Həmçinin tikinti sektorunda dayanıqlı inkişaf standartlarının tətbiqinə dəstək veririk. Bu istiqamətdə tikintinin ekoloji cəhətdən daha dayanıqlı olması üzrə yol xəritəsinin hazırlanması və inkişaf etməkdə olan bazarlar üçün IFC tərəfindən xüsusi olaraq hazırlanmış ekoloji tikinti standartı olan EDGE sertifikatlaşdırmasının tətbiqi də nəzərdə tutulur.
Bundan əlavə, Azərbaycanın nəqliyyat və rəqəmsal bağlantılarının daha da gücləndirilməsi məqsədilə nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində investisiya imkanlarını araşdırırıq”, - deyə o bildirib.
Azərbaycan və Avropa arasında “yaşıl” enerji dəhlizlərinin inkişafına IFC-nin baxışı
Şlömer qeyd edib ki, Azərbaycan və Avropa arasında “yaşıl” enerji dəhlizlərinin inkişafı onların tam fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun yaradılmasına investisiyalar tələb edir.
“Azərbaycanın Avropaya təmiz enerji ixracı ilə bağlı hədəflərinin reallaşdırılması üçün etibarlı və dayanıqlı elektrik şəbəkələri, eləcə də elektrik enerjisinin ötürülməsi sistemləri zəruridir. Bunlar istənilən dayanıqlı enerji dəhlizinin əsasını təşkil edir. Belə infrastrukturun yaradılması həm Azərbaycanın enerji hədəflərinə nail olunması, həm də Cənubi Qafqazda regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
IFC böyük potensiala malik Azərbaycanın bərpaolunan enerji sektoruna dəstək göstərməyə hazırdır. Xüsusilə, Dünya Bankı Qrupunun Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramının (ESMAP) təhlilinə əsasən, Azərbaycanın dənizdə külək enerjisi üzrə texniki potensialı 157 giqavat həcmində qiymətləndirilir”, - deyə o əlavə edib.
IFC-nin Orta Dəhlizin inkişafı ilə bağlı mövqeyi
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), həmçinin Orta Dəhliz kimi tanınan marşrutun inkişafının birinci mərhələsi işlək və dayanıqlı nəqliyyat marşrutunun yaradılmasına yönəlmişdi. Növbəti mərhələdə isə onun iqtisadi dəhlizə çevrilməsi əsas məqsəd olmalıdır. Dəhlizin uğuru yalnız daşınan yüklərin həcmi ilə deyil, həm də onun vasitəsilə yaradılacaq müəssisələrin və iş yerlərinin sayı, cəlb ediləcək investisiyaların həcmi ilə ölçüləcək. Dünya Bankı Qrupunun təhlilinə görə, əlaqələndirilmiş investisiyalar və zəruri islahatlar həyata keçirildiyi təqdirdə, 2040-cı ilədək qeyri-neft yüklərinin daşınma həcmi dəfələrlə arta bilər.
Bu potensialın reallaşdırılması üçün yalnız nəqliyyat infrastrukturu kifayət deyil. Marşrut boyunca yerləşən ölkələrdə biznes fəaliyyəti üçün proqnozlaşdırıla bilən şərait, maliyyələşdirməyə çıxış, etibarlı enerji təchizatı və səmərəli logistika təmin edilməlidir. Bu şərtlər emal sənayesinin, kənd təsərrüfatı məhsullarının emalının və anbar infrastrukturunun inkişafına təkan verə bilər.
Bu məqsədlərə nail olmaqda özəl investisiyalar həlledici rol oynayacaq. IFC Dünya Bankının və Çoxtərəfli İnvestisiyaların Zəmanəti Agentliyinin (MIGA) alətlərinin dəstəyi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməliyyatlar üzrə məsləhət xidmətlərinin göstərilməsi, layihələrin hazırlanması və maliyyələşdirilməsi üçün əhəmiyyətli imkanlar görür. Bununla yanaşı, tənzimləyici-hüquqi çərçivənin aydınlığı, şəffaf qiymət təyin etmə və sərhəd-keçid prosedurlarının səmərəliliyinin artırılması investorların etimadının gücləndirilməsi baxımından əsas amillər olaraq qalır”, - deyə IFC-nin direktoru bildirib.
Şlömerin fikrincə, Azərbaycanın imkanları tranzit daşımalarından daha genişdir. Ölkənin strateji coğrafi mövqeyi yalnız onun ərazisindən yük daşımaqla kifayətlənməyən, burada istehsal müəssisələri yaratmağa və iş yerləri açmağa hazır olan şirkətləri cəlb etməyə imkan verir.
O, həmçinin Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində strateji mövqeyə malik olduğunu vurğulayıb.
“Yükdaşımaların həcmi artdıqca, artan tələbatın ödənilməsi və regional bağlantıların yaxşılaşdırılması üçün infrastrukturun modernləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. IFC bu səylərə, o cümlədən vaqon parkının yenilənməsinə, logistika və anbar mərkəzlərinin yaradılmasına investisiyalar vasitəsilə dəstək göstərmək imkanlarına malikdir. Bu, yükdaşıma imkanlarını genişləndirməyə və daşımaların etibarlılığını artırmağa şərait yaradacaq.
Belə investisiyalar Azərbaycanın rəqabətqabiliyyətli xərclərlə fəaliyyət göstərən regional tranzit qovşağı kimi mövqeyini gücləndirə və bütövlükdə nəqliyyat dəhlizinin infrastrukturunun dayanıqlılığının artırılmasına töhfə verə bilər”, - deyə Şlömer qeyd edib.
IFC-nin KOB-ların dəstəklənməsində və özəl sektorun inkişafındakı rolu
Şlömerin sözlərinə görə, IFC Azərbaycanda yerli banklarla tərəfdaşlıq vasitəsilə kiçik biznesin maliyyələşdirməyə çıxış imkanlarını genişləndirməyi planlaşdırır.
O xatırladıb ki, Dünya Bankı Qrupu mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) dəstək göstərilməsi, onların maliyyələşdirməyə çıxış imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə yeni strategiya hazırlayıb. Strategiya Dünya Bankı Qrupunun Banqkokda keçirilən illik toplantılarında təqdim olunub.
“Strategiya inkişafla bağlı əsas problemlərdən birinin həllinə yönəlib. Belə ki, növbəti onillikdə inkişaf etməkdə olan ölkələrdə 1,2 milyard gənc əmək bazarına daxil olacaq, lakin proqnozlara görə, cəmi 420 milyon iş yeri yaradılacaq. İnkişaf etməkdə olan bazarlardakı müəssisələrin 90 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu isə onların inkişafını yaranacaq fərqin azaldılması baxımından mühüm amilə çevirir.
Strategiya müəssisələrin fəaliyyətində şəffaflığın artırılmasını, bazarlarla əlaqələrinin və mövcud imkanlarının genişləndirilməsini, eləcə də maliyyələşdirməyə çıxışın yaxşılaşdırılmasını nəzərdə tutur. Buraya kredit qabiliyyətinin qiymətləndirilməsi üçün rəqəmsal ödənişlərdən və əməliyyat məlumatlarından istifadə, müəssisələrin bazarlara və ümumi xidmətlərə çıxışının təmin edilməsi, tənzimləmənin sadələşdirilməsi, həmçinin banklar, fintex şirkətləri, zəmanətlər, risklərin bölüşdürülməsi mexanizmləri və sekyuritizasiya vasitəsilə maliyyələşdirmənin genişləndirilməsi daxildir.
Strategiya özəl kapitalın səfərbər edilməsi, kiçik biznesin fəaliyyətini genişləndirmək, məhsuldarlığını artırmaq və yeni iş yerləri yaratmaq potensialının reallaşdırılması üçün Dünya Bankı Qrupunun kompleks səylərini nəzərdə tutur.
Bu strategiyaya uyğun olaraq, IFC Azərbaycanda MKOS-un əsas kreditorları olan yerli banklarla tərəfdaşlıq vasitəsilə kiçik biznesin maliyyələşdirməyə çıxış imkanlarını genişləndirməyi planlaşdırır. Həm mövcud, həm də yeni maliyyə institutları ilə əməkdaşlıq genişləndiriləcək.
Eyni zamanda, IFC ənənəvi bank kreditləşməsindən kənara çıxan daha geniş maliyyə həllərinin inkişafına dəstək verir. Bunlara aktivlər girov qoyulmaqla maliyyələşdirmə, faktorinq də daxil olmaqla təchizat zəncirinin maliyyələşdirilməsi, risklərin bölüşdürülməsi alətləri, lizinq və maliyyə institutlarına MKOS-a daha səmərəli xidmət göstərməyə imkan verən digər məhsullar daxildir.
Bu həllər müəssisələrə əsasən daşınmaz əmlakın ənənəvi girovuna güvənmədən debitor borcları, əmtəə ehtiyatları, avadanlıqlar və digər biznes aktivləri əsasında maliyyələşdirmə əldə etməyə imkan verir”, - deyə o əlavə edib.
Şlömer bildirib ki, IFC aktivlərin girov qoyulması əsasında maliyyələşdirmə üzrə milli sistemin hazırlanmasına dəstək vermək üçün Azərbaycan Banklar Assosiasiyası və bazarın digər iştirakçıları ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq faktorinqin və mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün digər alternativ maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədilə zəruri ekosistemin formalaşdırılmasını da əhatə edir.
“İnvestisiyaların, risklərin bölüşdürülməsi mexanizmlərinin və məsləhət dəstəyinin birləşdirilməsi yerli maliyyə institutlarının potensialının gücləndirilməsinə və kiçik biznesin maliyyələşdirməyə çıxış imkanlarının genişləndirilməsinə kömək edə bilər”, - deyə o izah edib.
IFC direktorunun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını şaxələndirdikcə və enerji sektorunu modernləşdirdikcə, korporasiya bu milli prioritetlərin dəstəklənməsinə sadiq qalır. Bunun üçün maliyyə sektoru investisiya ehtiyaclarının dəyişməsinə uyğunlaşmalıdır.
“IFC səmərəli həllərin tətbiqinə dəstək vermək və yerli bankların potensialını gücləndirmək məqsədilə həm investisiya, həm də məsləhət xidmətləri göstərir. Bunun konkret nümunəsi Bank Respublika-ya milli valyutada təqdim edilmiş 20 milyon dollarlıq IFC kredit xəttidir. Vəsaitin yarısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də aşağı gəlirli ev təsərrüfatlarının maliyyələşdirilməsinə yönəldilib.IFC ölkənin ehtiyaclarını nəzərə alaraq bu cür təşəbbüsləri genişləndirməyi planlaşdırır. Belə investisiyalar yalnız ətraf mühit üçün faydalı deyil, həm də biznesin enerji və digər resurslara çəkdiyi xərcləri azaltmaqla rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək edir”, - deyə Şlömer qeyd edib.
Ənənəvi sahələrə dəstək və innovasiyaların inkişafı arasında balans
Şlömer ənənəvi sahələrə dəstəyin innovasiyalara investisiyalarla birləşdirilməsinin Azərbaycanın uzunmüddətli iqtisadi artımı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Yaxın perspektivdə karbohidrogen sektoru mühüm rol oynamaqda davam edəcək. Bununla yanaşı, ölkənin maliyyə imkanları və energetika sahəsində topladığı təcrübə iqtisadiyyatın şaxələndirilməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycanın bərpaolunan enerji potensialı olduqca böyükdür. Günəş enerjisi üzrə potensial 23 giqavat, dənizdə külək enerjisi üzrə isə 157 giqavat həcmində qiymətləndirilir. Bu, ölkənin regional enerji ixracatçısı kimi mövqeyini gücləndirməsi üçün əlverişli imkanlar yaradır. Elektrik enerjisinin ötürülməsi üzrə transsərhəd infrastrukturun genişləndirilməsi Azərbaycanın dünya bazarlarına inteqrasiyasını dərinləşdirə bilər.
Energetika ilə yanaşı, IFC rəqəmsal infrastrukturun, aqrobiznesin və kiçik və orta sahibkarlıq sektorunun inkişafı üçün də əhəmiyyətli imkanlar görür. IFC-nin beynəlxalq təcrübəsi göstərir ki, ənənəvi sahələrin güclü tərəflərinin perspektivli investisiyalarla birləşdirilməsi daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın formalaşmasına kömək edir.
IFC Azərbaycana bu yolda - regional və dünya bazarlarında rəqabət aparmaq qabiliyyətinə malik innovativ və rəqabətqabiliyyətli xərclərlə fəaliyyət göstərən iqtisadiyyatın qurulmasında dəstək verməyə hazırdır”, - deyə o bildirib.





