Bakı.Trend:
Özbəkistanda Cinayət işləri məhkəməsi yeni doğulmuş uşağın qətlə yetirilməsində təqsirləndirilən qadına hökm oxuyub. Təqsirləndirilən şəxs dünyaya gətirdiyi körpəni tualetin çüxuruna atıb. Nəticədə körpə boğularaq dünyasını dəyişib.
Bu barədə "Pressa" (Özbəkistan) nəşri yazır.
Hadisə Surxandərya vilayətinin Qumqurqan rayonunda baş verib. Məhkəmə materiallarına əsasən, qadın 2026-cı il iyunun 10-da tualetdə qız uşağı dünyaya gətirdikdən sonra körpəni kanalizasiya çüxuruna atıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, körpə tənəffüs yollarının tutulması nəticəsində boğularaq ölüb.
Qadın təqsirini tamamilə etiraf edib və bildirib ki, doğuş zamanı körpə yüksək səslə ağlamayıb, ona görə də uşağın nəfəs almadığını və ölü doğulduğunu düşünüb. O, həmin vaxt hərəkətlərini tam dərk etmədiyini və baş verənlərin bir çox məqamını çətinliklə xatırladığını qeyd edib. Həmçinin hadisə zamanı qadın növbəti uşağına hamilə olub.
Əri ailədə heç bir münaqişənin olmadığını təsdiqləyib. Bununla belə, son vaxtlar həyat yoldaşının psixoloji vəziyyətində dəyişikliklər müşahidə etdiyini, onun fikrinin tez-tez dağıldığını və öz-özünə danışdığını bildirib. Cütlüyün 2025-ci ilin aprelində dünyaya gələn böyük qızları Xədicə isə ailənin himayəsində qalıb. Ərinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmayıb.
Məhkəmə bir sıra yüngülləşdirici halları nəzərə alıb. Bunlara təqsirləndirilən şəxsin səmimi peşmançılığı, əvvəllər məhkum olunmaması, azyaşlı övladının olması, hamiləliyi, eləcə də zərərçəkmiş tərəfin ona qarşı şikayətinin olmaması daxildir.
Nəticədə qadına 3 il müddətinə azadlığın məhdudlaşdırılması (ev dustaqlığı) cəzası verilib. Hökmə əsasən, ona gecə saatlarında (iş və ya təhsil vaxtı istisna olmaqla) evdən çıxmaq, daxili işlər orqanlarının razılığı olmadan yaşayış yerini dəyişmək, Surxandərya vilayətinin hüdudlarından kənara çıxmaq, həmçinin əyləncə müəssisələrinə getmək və kütləvi tədbirlərdə iştirak etmək qadağan edilib.raq, onu



