İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkə hökumətinin ABŞ ilə uzun müddətdir davam edən silahlı münaqişənin diplomatik danışıqlar yolu ilə həlli üçün İranın ali rəhbəri Müctəba Xameneidən birbaşa səlahiyyət aldığını rəsmi şəkildə bəyan edib.
Modern.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Tehran artıq Vaşinqtonla mövcud fikir ayrılıqlarını danışıqlar masası arxasında həll etməyə çalışır. Bu addım Yaxın Şərqdə bir neçə qarşılıqlı hərbi zərbədən sonra İran rəhbərliyinin qarşıdurmanı siyasi müstəviyə keçirmək cəhdi kimi qiymətləndirilir.
Diplomatik əlaqələrin bərpası zərurəti ötən ilin qışının sonundan etibarən regionda davam edən qeyri-sabit vəziyyət fonunda daha da aktuallaşıb.
Xatırladaq ki, fevralın sonunda ABŞ və İsrail İran ərazisindəki strateji obyektlərə qarşı bir sıra əlaqələndirilmiş zərbələr endirib. Tehran buna dərhal genişmiqyaslı əks-hücumlarla cavab verib. İyunun ortalarında tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı ikitərəfli memorandum imzalasalar da, atəşkəs uzun sürməyib. Növbəti qarşılıqlı raket zərbələrindən sonra münaqişə faktiki olaraq yenidən aktiv və həll olunmamış mərhələyə qayıdıb.
Tərəflərin əvvəlki kompromis cəhdləri iqtisadi və logistika məsələləri ilə bağlı sərt tələblərə görə nəticəsiz qalıb.
İran diplomatları daha əvvəl Vaşinqtona yeddi bənddən ibarət kompleks təkliflər paketi təqdim ediblər. Həmin sənəddə Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası müqabilində ABŞ-ın dəniz blokadasının tamamilə aradan qaldırılması və İranın karbohidrogen ixracına tətbiq edilən sanksiyaların ləğvi nəzərdə tutulurdu.
Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ABŞ Prezidenti Donald Tramp həmin şərtləri tamamilə rədd edib. Lakin İran Xarici İşlər Nazirliyi daha sonra Ağ Evdən rəsmi cavabın alındığını təsdiqləyib və Qətərin vasitəçiliyi ilə ABŞ-ın mövqeyinə dair yeni əks-təklif və qiymətləndirmələrini qarşı tərəfə çatdırıb.




