Gündəm · Təzadlar

Məktəbdə hicab taxmaq olarmı? – Avropa Məhkəməsinin mövqeyi - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məktəbdə hicab taxmaq olarmı? – Avropa Məhkəməsinin mövqeyi - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

“Azərbaycanda dövlət məktəblərində vahid geyim qaydaları ətrafında yaranan müzakirələr dini etiqad azadlığı ilə dünyəvi təhsil prinsipi arasındakı münasibəti yenidən gündəmə gətirib. Bəzi şəxslər dini baş örtüyünə qoyulan məhdudiyyətləri vicdan azadlığının pozulması kimi qiymətləndirirlər. Lakin məsələyə hüquqi baxımdan yanaşdıqda dövlətin təhsil sahəsindəki səlahiyyətləri ilə fərdin dini hüquqları arasındakı tarazlıq ön plana çıxır”.
Bu fikirləri hüquqşünas Şamil Paşayev Tezadlar.az-a açıqlamasında deyib.
O bildirib ki, dünyəvilik dinə qarşı olmaq deyil, dövlətin dini qaydalarla deyil, hüquqi normalarla idarə edilməsidir:
“Azərbaycan Konstitusiyasının 7-ci maddəsində ölkəmizin dünyəvi dövlət olduğu təsbit edilib. Konstitusiyanın 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bununla yanaşı, Konstitusiyanın 48-ci maddəsi hər kəsin vicdan azadlığını və dini etiqadını sərbəst seçmək hüququnu qoruyur. Beləliklə, dünyəvilik və vicdan azadlığı bir-birinə zidd deyil, eyni konstitusion quruluşun ayrılmaz hissələridir. Dini etiqad azadlığının tanınması dövlət məktəblərinin bütün daxili qaydalarının fərdi inanclara uyğunlaşdırılması demək deyil. Dövlətin təhsil müəssisələrində ümumi qaydalar müəyyənləşdirmək və dünyəvi təhsil mühitini qorumaq səlahiyyəti var. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarını müəyyən edir”.
O qeyd edib ki, geyim qaydalarının vahidliyini pozan elementlərlə bağlı məhdudiyyətlər də bu hüquqi çərçivədə qiymətləndirilir:
“Bununla belə, əsas məsələ yalnız qaydanın mövcudluğu deyil, onun hansı əsaslarla və necə tətbiq edilməsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri dini geyimlə bağlı mübahisələrin hüquqi qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Məhkəmənin 2005-ci ildə baxdığı Leyla Şahin Türkiyəyə qarşı işi bu baxımdan diqqətəlayiqdir. Həmin işdə universitet tələbəsi dini baş örtüyünə görə tətbiq edilən məhdudiyyətin dini etiqad azadlığını pozduğunu iddia edirdi. Məhkəmə müdaxilənin mövcudluğunu qəbul etsə də, konkret şəraitdə Konvensiyanın 9-cu maddəsinin pozulmadığı qənaətinə gəldi. Qərarda dünyəvilik prinsipi və dövlətlərin bu sahədə müəyyən qiymətləndirmə sərbəstliyinə malik olması nəzərə alındı.
Digər mühüm presedent 2008-ci ildə baxılan Dogru Fransaya qarşı işidir. Bu mübahisə dövlət orta məktəbində oxuyan şagirdin dini baş örtüyü ilə bağlı tələblərə əməl etməməsi və məktəbdən xaric edilməsi ilə əlaqədar idi. Avropa Məhkəməsi konkret şəraiti araşdıraraq Konvensiyanın 9-cu maddəsinin pozulmadığını müəyyən etdi. Bu qərar dini geyimə qoyulan bütün qadağaların avtomatik qanuni sayılması demək deyil. Əksinə, hər bir məhdudiyyətin şəraitə uyğun qiymətləndirilməsinin vacibliyini göstərir”.
Hüquqşünas sonda qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə əsasən, dini etiqadın ifadəsinə müdaxilə qanunla nəzərdə tutulmalı, legitim məqsədə xidmət etməli və demokratik cəmiyyətdə zəruri olmalıdır:
“Azərbaycan Konstitusiyasının 71-ci maddəsi də hüquq və azadlıqlara qoyulan məhdudiyyətlərin mütənasibliyi prinsipini önə çəkir. Buna görə də vahid məktəbli formasının mövcudluğu ilə həmin qaydanın hər bir konkret halda tətbiqini eyni qiymətləndirmək olmaz. Dövlətin dünyəvi təhsil sistemini qorumaq səlahiyyəti olduğu kimi, bu səlahiyyətin hüquqi sərhədləri də var. Qaydalar tətbiq edilərkən ayrı-seçkiliyə yol verilməməli, məhdudiyyətlər əsaslandırılmalı və fərdi hüquqlar nəzərə alınmalıdır. Məsələnin mahiyyəti dini inancların qəbul edilib-edilməməsi deyil, dövlətin ümumi təhsil qaydalarını müəyyənləşdirmək hüququ ilə fərdin dini özünüifadə azadlığı arasında tarazlığın qorunmasıdır. Vahid məktəbli formasının tətbiqi hüquqi baxımdan müdafiə oluna bilər, lakin onun qanuniliyi konkret tələblərin əsaslandırılmasından və mütənasib tətbiqindən asılıdır. Dövlət məktəbinin vəzifəsi şagirdlərə hansı inanca sahib olmağı öyrətmək deyil. Əsas məqsəd müxtəlif dünyagörüşlərinə malik uşaqların eyni təhsil mühitində bilik qazanmasını, bərabər münasibətlə qarşılaşmasını və hüquqlarının qorunmasını təmin etməkdir”.

Aysel Timur

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑