BAKI, 8 oktyabr. TELEQRAF
“Moskva Tbilisi ilə iqtisadi münasibətləri daha da inkişaf etdirməyə, iki ölkənin xalqları arasında dostluğu möhkəmləndirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Gürcüstanla bizi çox sıx bağlar birləşdirir, bizim ümumi tariximiz, o cümlədən dini sahədə birləşdirici ənənələrimiz var, bizi həm qohumluq əlaqələri, həm də qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir”, - diplomat bildirib və son illərdə ticarət və turizm sahəsində əhəmiyyətli irəliləyiş əldə olunduğunu əlavə edib.
Zaxarovanın sözlərinə görə, Gürcüstanda hər dördüncü turist rusiyalıdır:
“Bizim geniş tutumlu bazarımızın Gürcüstanın əsas ixrac məhsulları üçün başlıca bazar olması da ən mühüm amillərdən biridir. Həm iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə, həm də xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə hazırıq. Əlbəttə, yaranmış vəziyyətin regiondankənar oyunçuların boğazında sümük kimi qaldığını da qeyd etməmək mümkün deyil. Amma (Avropa İttifaqı ölkələri - red.) Gürcüstanı rusofob xarakterli təhlükəli avantüralara cəlb etməyə çalışırlar. Tbilisi də dəfələrlə çox aydın və konkret şəkildə bildirib ki, bu, gürcü xalqının planlarına daxil deyil”.






.webp)