BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun paraşütlə Kubaya endirilməsi və ölkə ilə bağlı problemin həll edilməsi ideyasını irəli sürüb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Bəlkə, İranla işimizi bitirdikdən sonra geri qayıdarkən Markonu Kubaya endirək. Onu paraşütlə birbaşa Kubanın mərkəzinə göndərək. O da problemi iki dəqiqəyə həll etsin”, – ABŞ lideri deyib.
Tramp Kubanın da ABŞ-yə doğru istiqamətləndiyini iddia edib.
“Kuba da digərləri kimi bizə doğru gəlir. Çünki ölkəmizə yenidən hörmət edirlər”, – o bildirib.
Lakin ABŞ Prezidenti Kubanın Vaşinqtona yaxınlaşması ilə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Qeyd edək ki, ABŞ-nin dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini icra edən Marko Rubio Texas səfərində Trampı müşayiət edib.
Bundan əvvəl “CBS News” telekanalı ABŞ Quru Qoşunlarının daxili sənədinə istinadən Pentaqonun Kubada mümkün hərbi əməliyyata hazırlığı davam etdirdiyini bildirmişdi.
ABŞ-nin müdafiə naziri Pit Heqset də avqust ayında Vaşinqtonun Kuba ilə bağlı bütün variantları, o cümlədən hərbi müdaxilə imkanını nəzərdən keçirdiyini açıqlamışdı.
Tramp isə martın 5-də İrana qarşı əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı növbəti addımların müəyyənləşdiriləcəyini bildirmişdi.
ABŞ lideri daha əvvəl Kubanın nəzarətə götürülməsi və ölkədə hakimiyyət dəyişikliyi məqsədilə əməliyyat keçirilməsi ehtimalını da istisna etməmişdi.





