BAKI, 27 oktyabr. TELEQRAF
“Bu, böyük bayramdır. FIFA U-15 dünya çempionatının Azərbaycanda keçirilməsi futbolumuzun inkişafına böyük dəstəkdir. Düşünürəm ki, Azərbaycan futbolunda yeni dövrün başladığını demək olar”.
Bu sözləri Azərbaycan millisinin sabiq kapitanı, futbol mütəxəssisi Tərlan Əhmədov FIFA U-15 dünya çempionatı və festivalı barədə Teleqraf-a açıqlamasında deyib.
O, turnirin ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirib:
“Dövlətin idmana və futbola göstərdiyi dəstək, bu sahəyə yatırılan investisiyalar və yaradılan infrastruktur gənc futbolçuların inkişafında mühüm rol oynayır.Ölkəmizdə ilk Avropa Oyunları, 17 yaşadək futbolçular arasında dünya çempionatı, ilk İslam Həmrəyliyi Oyunları keçirilib. Həmçinin Avropa Liqasının finalı – “Çelsi” ilə “Arsenal”ın qarşılaşması da burada baş tutub. Bu da böyük turnirdir və bir başlanğıcdır”.
Mütəxəssisin fikrincə, dünya çempionatı gənc futbolçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu turnir futbolçuların inkişafına böyük dəstəkdir. Biz aşağı yaş qruplarında hansı potensialın olduğunu, hansı problemlərin yaşandığını və futbolçularımızda nələrin çatışmadığını gördük. İnanıram ki, futbolçularımız bu festivalda qarşılaşdıqları komandaların oyun fəlsəfəsini, mentalitetini, adət-ənənələrini öyrənsələr, hətta xarici dillərə yiyələnsələr, bu, onların inkişafına böyük töhfə verəcək. Akademiyalarda da futbolçuların peşəkar səviyyəyə çatdırılması üçün ciddi işlər görülməlidir”.
Tərlan Əhmədov Azərbaycan millisinin turnirdəki çıxışını da dəyərləndirib. O bildirib ki, ilk belə yarışda futbolçulardan yüksək nəticələr tələb etmək düzgün olmazdı:
“İlk dəfədir belə bir turnir keçirilir. Futbolçularımızda müəyyən həyəcan hiss etdik. Onlar hələ tam hazır deyildilər. Buna baxmayaraq, çıxışlarını qənaətbəxş hesab etmək olar. Qələbələr də oldu, məğlubiyyətlər də. Uşaqlar əzmkarlıq göstərdilər, ən yaxşı nəticəni əldə etməyə çalışdılar. Bəlkə də bu turnirdə qalib gəlməyi hamıdan çox onlar istəyirdilər. Amma futbolda həm qələbə, həm də məğlubiyyət var. Ümid edirəm ki, bu futbolçular gələcəkdə Azərbaycan futbolunda böyük uğurlar qazanacaqlar”.
Mütəxəssis yığmanın heyətində gələcəkdə əsas milli komandada çıxış edə biləcək potensiallı futbolçuların olduğunu da vurğulayıb:
“Düşünürəm ki, təxminən 14 futbolçudan 5-6-sı bir-iki ildən sonra Premyer Liqada oynamağa layiq ola bilər. Hətta onlardan bəziləri U-21 millisində də meydana çıxa bilər.
Açıq danışsaq, akademiyalara kifayət qədər önəm vermədiyimizə, onların oyunlarını izləmədiyimizə görə bəzi məqamları vaxtında görməmişik. İndi bu futbolçuları meydanda görəndə əmin olduq ki, Azərbaycanda kifayət qədər istedadlı oyunçu var. Sadəcə, onlarla düzgün işləmək lazımdır”.


