"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim".
Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib.
23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraqlı idman layihəsi təqdim etdiyini bildirib.
"Düzünü desəm, nə vaxtsa Azərbaycan çempionatında çıxış edəcəyimi düşünməzdim. Futbol karyerasında bəzən gözlənilməz yerlərdə oynamaq imkanları yaranır. Klubla danışdım və onlar mənə maraqlı idman layihəsi təqdim etdilər. Prezident və baş məşqçi ilə müzakirələrdən sonra komandaya qoşulmağa qərar verdim. Söhbətlərimizdən sonra Azərbaycanda oynamaq üçün doğru vaxt olduğunu düşündüm", - deyə o bildirib.
Əlcəzairin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş futbolçu gələcək hədəflərindən də danışıb.
O, Avropanın böyük klublarında oynamaq arzusunda olduğunu vurğulayıb.
"Özümə heç bir məhdudiyyət qoymuram. Futbolda hər şey mümkündür. Gələcəkdə Avropanın böyük komandalarından birində, dünyanın ən nüfuzlu klublarında oynamaq istəyirəm", - deyə Budraa qeyd edib.
Futbolçu Lionel Messi, Zinəddin Zidan və Ronaldinyonu sevimli oyunçuları sırasında göstərib. O, karyerasında ən böyük dəstəyi atasından aldığını da bildirib.
Qeyd edək ki, Sofian Budraa sentyabrda "Səbail"ə qoşulub. Azərbaycan I Liqasında çıxış edən klub onunla 1+1 illik müqavilə imzalayıb.
Bizim.Media



