FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə Bakıda "ustad dərsi" təşkil olunub.
Apasport.az xəbər verir ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Misli Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də AFFA nümayəndələri iştirak ediblər.
Zəngin təcrübəsinə əsaslanan Arsen Venger məşqçilik fəaliyyəti, futbolçuların yetişdirilməsi və müasir futbolun dəyişən tələbləri barədə fikirlərini bölüşüb. Görüşün əvvəlində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov fransalı mütəxəssisi salamlayaraq ona Azərbaycan milli komandasının formasını təqdim edib.
Seminar çərçivəsində Premyer Liqa klubları tərəfindən əvvəlcədən təklif olunan mövzulara toxunulub. Xüsusilə uşaq və gənc futbolçuların inkişafı, akademiyadan əsas komandaya keçid mərhələsi və kollektivin idarə olunması kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb.
"Ustad dərsi"nin sual-cavab hissəsində iştirakçılar məşqçilik fəaliyyətində qarşılaşdıqları çətinlikləri bölüşmək və fransalı mütəxəssislə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Tədbir FIFA-nın dünyada məşqçilərin inkişafını dəstəkləmək və futbolun səviyyəsini yüksəltmək missiyası çərçivəsində keçirilib. AFFA-nın dəstəyi ilə təşkil olunan görüş Azərbaycan futbolunda beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və davamlı öyrənmə imkanları yaratmaq məqsədi daşıyıb.



