BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ-nin Müharibə Departamenti (Pentaqon) orduya İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına hazır olmağı tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Axios” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp əməliyyatların yenidən başlanması ilə bağlı hələ yekun qərar qəbul etməyib. “Axios” yazıb ki, qərar qəbul ediləcəyi təqdirdə zərbələrin hədəfi İranın nüvə obyektləri, infrastrukturu və enerji sektoruna aid obyektlər ola bilər.
Hərbi əməliyyatların yenidən başlanması halında İsrail ordusunun da əməliyyata qoşulacağı ehtimal olunur.
Ağ Ev nümayəndəsi “Axios”a bildirib ki, ABŞ hazırda Hörmüz boğazına nəzarət və İranın ağır iqtisadi vəziyyəti səbəbindən çox güclü mövqeyə malikdir: “Bütün rıçaqlar Prezident Trampın əlindədir, o, ABŞ üçün ən yaxşı olanı edəcək”.
Bununla yanaşı, nəşr qeyd edib ki, Ağ Ev Pentaqondan İrana qarşı zərbələrin yenidən başlanması planını hazırlamağı, belə bir ssenarinin noyabrda keçiriləcək aralıq seçkilərindən əvvəl həyata keçirilməsi imkanını nəzərə almağı istəyib.
.png)





