BAKI, 8 oktyabr. TELEQRAF
“ABŞ F-35 qırıcı təyyarələrinin Türkiyəyə çatdırılması uzun illər çəkə bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Yunanıstan mediasına deyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qırıcılar vermək istəyini bildirib: “Əlbəttə, təyyarələrin çatdırılması uzun illər çəkəcək, amma onlardan ikisinin pulu artıq ödənilib”.
Rubio əlavə edib ki, F-35-lərin tədarükü ABŞ qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən asılıdır: “Hər şey S-400 sistemindən asılıdır. Buna görə də, bu məsələ hazırda həll olunmayıb və hüquqi cəhətdən həll olunana qədər bu təyyarələri təhvil verə bilmərik”.
O qeyd edib ki, müvafiq tələblər artıq Türkiyə tərəfinə çatdırılıb və Ankarada həll yolu axtarılır.
Türkiyə 2019-cu ildə Rusiyadan S-400 raket sistemləri alıb, ABŞ bundan sonra Ankaranı F-35 proqramından çıxarıb. Vaşinqton 2020-ci ildə Türkiyənin Müdafiə Sənayesi Qurumuna qarşı sanksiyalar tətbiq edib. ABŞ sifariş edilmiş qırıcıların təhvil verilməsi və F-35 proqramına qaytarılması üçün Türkiyədən S-400-lərdən imtina etməsini tələb edir.




.png)

